Məhkəmə qərarları › İş №2(064)-181/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-181/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-181/2025 13.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhəkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT "xxxx" MMC (bundan sonra - İddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək 3372,2 manat əsas, 1333,67 manat faiz və 9,06 manat cərimə olmaqla, ümumilikdə 4714,93 manat borcun və ödənilmiş 67,15 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 23 Noyabr 2023-cü il tarixdə bağlanmış BilFQK-3372 saylı Kredit Müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlanacaq) əsasən cavabdehə illik faiz dərəcəsi 28.38% olmaqla 36(otuz altı) ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, Kredit müqaviləsi üzrə cəmi 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay orta hesabla 166.28 (bir yüz altmış altı manat 0.28- qəpik) AZN olmaqla, cəmi 5985.87 ( beş min doqquz yüz səksən beş manat 0.87-qəpik) AZN məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 1280.00 (bir min iki yüz səksən manat 0.00-qəpik) AZN məbləğində əsas və faiz borcu üzrə ödəniş etmişdir. Cavabdehlər bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, yuxanda ğöstərilən Kredit müqaviləsinin şərtlərini pozaraq Kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişlər. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən cavabdehlər kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə, cavabdehlər iddiaçının xeyrinə gecikdirmiş əsas məbləğin 0.1 %-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə cavabdehdirlər. Belə ki, 29 Oktyabr 2024-cü il tarixli Maliyyə arayışına əsasən Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehlərın bu günə əsas borc üzrə 3372.20 AZN, faiz borcu üzrə 1333.67 AZN və cərimə üzrə 9.06 AZN olmaqla, cəmi 4714.93 (dörd min yeddi yüz on dörd manat 0.93-qəpik) AZN məbləğində borcları yaranmışdır. Həmin Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 23 Noyabr 2023-cü il tarixində ZMBİLFQK- 3372-1 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən cavabdeh zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin İddiaçı qarşısında cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan əlavə həmin Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən İddiaçı, cavabdehlənn Kredit müqaviləsinin şərtlərinin yerinə yetirməməsi nəticəsində vurduğu ziyanı tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsini xahiş etdi. Cavabdehlərə Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə Məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-ci maddəsinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normaları və iş materialları əsasında müəyyən etdiyi işin faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 23 Noyabr 2023-cü il tarixli BilFQK- 3372 saylı Kredit Müqaviləsi, müqaviləyə edilmiş 1 saylı əlavə, 23 Noyabr 2023-cü il tarixli ZMBİLFQK-3372-1 saylı Zaminlik müqaviləsi, xx.xx.2024-cü il tarixli bildiriş, ödəniş cədvəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışı və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (faiz və cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia ərizəsində tələb olunan əsas borcun məbləği ilə razılaşsa da, faiz və cərimə borcunun məbləği ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə cavabdehlərə müraciət edərək onların banka həmin tarixə 170,31 manat vaxtı keçmiş qalıq əsas, 241,92 manat faiz, 5,29 manat cərimə borcu olmaqla, cəmi 417,52 manat vaxtı keçmiş qalıq borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə Cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, faiz borcunun məbləği məhz həmin bildirişdə qeyd olunan məbləğə uyğun olaraq nəzərə alınmalıdır. Bununla yanaşı, iş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə xərci İddiaçının dövlət rüsumuna görə ödədiyi 67,15 manatdan ibarətdir. İddiaçının tələbi Məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 67,15 manat dövlət rüsumunun 51,55 manatı cavabdehlərə aid edilməlidir. Beləliklə, Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə 3372,2 manat əsas, 241,92 manat faiz və 5,29 manat cərimə borcu olmaqla, ümumilikdə 3619,41 manat borc və ödənilmiş 51,55 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar