Məhkəmə qərarları › İş №2(064)-1849/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1849/2023

27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1849/2023 27.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlılar xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, onun Cavabdeh ilə aralarında baş verən münaqişələr nəticəsində birgə yaşamağı qeyri-mümkün olmuş və aralarında olan nikah Abşeron rayon Məhkəməsinin 2(012)- 146/2016 saylı 13 may 2016-cı il tarixli qərarı ilə rəsmi qaydada pozulmuşdur. Onların birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 23 iyun 2011-ci il təvəllüdlü X2 və 02 oktyabr 2012-ci il təvəllüdlü X1 onun himayəsinə verilərək, hər ay hər uşaq üçün cavabdehdən sabit pul məbləğində 117 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qət edilmişdir. Daha sonra o, alimentin artırılması ilə bağlı rəsmi qaydada Abşeron rayon Məhkəməsinə müraciət etmiş və Abşeron rayon Məhkəməsinin 2(012)-2727/2017 saylı 21 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün sabit pul məbləğində 136 , ümumilikdə 272 (iki yüz yetmiş iki) manat aliment məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qət edilmişdir. Bundan sonra o, alimentin artırılması ilə bağlı yenidən rəsmi qaydada Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və Zəngilan rayon Məhkəməsinin 2(034)-626/2018 saylı 03 sentyabr 2018-çi il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün sabit pul məbləğilndə 154 , ümumilikdə 308 manat aliment məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qət edilmişdir. Daha sonra o, Abşeron rayon Məhkəməsinə alimentin artırılması ilə bağlı yenidən müraciət etmiş və Abşeron rayon Məhkəməsinin 2(012)-2498/2020 saylı 14 sentyabr 2020-di il tarixli qətnaməsinə əsasən azyaşlı X2 və X1 yetkinlik yaşına çatanadək maddi ehtiyaclarının ödənməsi üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yuz yetmiş) ümumilikdə 340 (üç yüz qırx) manat miqdarında alimentin tutularaq ona ödənməsi barədə qətnamə qət edilmişdir. Hal-hazırda uşaqları onun himayəsindədir. Uşaqlarının nə ilə dolandığı, nə geyindiyi, nə yediyi cavabdehi maraqlandırmır, tək uşaqlarına baxmaqda çətinlik çəkir. Sadəcə istəyir ki, cavabdeh uşaqlarına baxmaqda məsulliyyətli olsun, cavabdehdə onun kimi onların gələcəyini düşünsün. Tək ana olaraq uşaqlarının maddi təminatını ödəməkdə çox çətinlik çəkir. Onlar artıq böyüyür. Bununla bağlı olaraq da təbii ki, onların xərcləri əvvəlki miqdarda deyil. Buna görə də, uşaqlarının saxlanması üçün cavabdehdən məhkəmə qaydasında alimintin artırılması zəruridir.Odur ki, yenidən məhkəməyə müraciət etmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Abşeron Rrayon Məhkəməsinin 2(012)-2498/2020 saylı, 14 sentyabr 2020-di il tarixli qətnaməsinə əsasən azyaşlı X2 və X1 yetkinlik yaşına çatanadək maddi ehtiyaclarının ödənməsi üçün Cavabdeh hər ay hər uşaq üçün 170 olmaqla ümumilikdə 340 manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. “AZEMİS”dən çıxrışdan görünür ki, Cavabdeh vergi ödəyicisi olmaqla diş həkimi işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yada qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələbedən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının: 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yuxarıda isnad olunan Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə, ……məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər…..Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (hazırkı halda artırılması) üçün zəruri şərtlərdən biri kimi tərəflərdən birinin ailə vəziyyətində dəyişikliyin olmasını qeyd etmişdir. İşin faktiki hallarından aydın olur ki, tərəflərin ailə vəziyyətlərində dəyişiklik olmamışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi əsaslarından biri də tərəflərdən birinin (hazırkı halda cavabdeh atanın) maddi vəziyyətində dəyişikliyin olması, yəni maddi vəziyyətinin yaxşılaşmasıdır. İddiaçı tərəfindən cavabdehin maddi vəziyyətinin yaxşılaşmasına dair hər hansı sübutlar məhkəməyə təqdim olunmamışdır. “AZEMİS”dən çıxrışdan görünür ki, Cavabdeh vergi ödəyicisi olmaqla diş həkimi işləyir. Yuxarıda isnad olunan Ali Məhkəmənin Plenum Qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayanlar Məmməd və Mehdinin mənafelərini, yəni onların artıq böyüyərək tələbatlarının artmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olmasını, iddiaçı ananın özünün də azyaşlı uşaqlarını saxlamaq vəzifəsinin olmasını və sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən azyaşlılar Məmməd və Mehdinin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən azyaşlılar xx.xx.2011ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar