Məhkəmə qərarları › İş №2(064)-1855/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1855/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1855/2024 24.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödəmədiyi borca görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat olmaqla, cəmi 3050 manat məbləğində pulun alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə xahişi əsasında 2024-cü ilin aprel və may aylarında müvafiq olaraq 2500 manat və 1000 manat məbləğində pulu dörd ay və bir ay müddətə qaytarması şərtilə borc vermiş, sonuncu ona bu barədə yazılı qaydada tərtib edib, imzaladığı qəbzləri vermiş, həmin borcun 500 manat hissəsini 2024-cü ilin iyun ayında qaytarsa da, 3000 manat hissəsini qaytarmamışdır. İddiaçı məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, gəlməmiş, məhkəməyə göndərdiyi teleqramlarında məhkəmə iclaslarına üzürlü səbəbdən gələ bilməyəcəyini və iddiasını müdafiə etdiyini göstərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında verdiyi yazılı ərizəsində onun iştirakı olmadan iş üzrə məhkəmə baxışı iclasının keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM-in) 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan iş üzrə məhkəmə baxışı iclasının keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında verdiyi izahatında göstərmişdir ki, o, iddiaçıdan 2024-cü ilin aprel ayına qədər hissə-hissə olmaqla cəmi 400 manat, 2024-cü ilin aprel və may aylarında ayrı-ayrılıqda 500 manat olmaqla, cəmi 1400 manat məbləğində pulu borc almış, sonuncuya borcundan hər hansı məbləğdə pul qaytarmamışdır. 2024-cü ilin aprel və may aylarında iddiaçıdan borc aldığı pul məbləğlərini sonuncuya müvafiq olaraq dörd ay və bir ay müddətə qaytarmalı idi. İş materiallarında olan, onun 2024-cü ilin aprel və may aylarında şəxsən tərtib edib, imzalayıb, iddiaçıya verdiyi qəbzlərdə sonuncudan müvafiq olaraq 2500 manat və 1000 manat məbləğində pulu borc almasını iddiaçının istəyinə əsasən göstərmişdir. Əslində, həmin qəbzlərdə ayrıayrılıqda əsas borcları təşkil etmiş 500 manatdan artıq olan pul məbləğləri iddiaçının ona hesabladığı faiz borcları olmuşdur. Göstərdiyi səbəblərdən iddianı qismən, yəni 1400 manat hissədə qəbul edir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı ərizəsində iddianı qismən, yəni 1400 manat hissədə qəbul etdiyini göstərmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən tərtib edilərək imzalanmış qəbzlərdə sonuncunun iddiaçıdan borc aldığı 1000 manat və 2500 manat məbləğlərində pulu müvafiq olaraq bir ay və dörd ay müddətinə iddiaçıya qaytarmağı öhdəsinə götürdüyü göstərilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iş üzrə onun iddiaçıya olan borcunun 3000 manat deyil, 1400 manat təşkil etdiyini göstərsə də, həm buna, həm də iddia ərizəsinə əlavə edilmiş qəbzlərdə göstərilənlərin əksinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə cavabdehin məhkəmənin hazırlıq iclasında yazılı və şifahi qaydada verdiyi qismən etirafedici izahatları, iddia ərizəsi və ona əlavə edilmiş qəbzlər əsasında işin faktiki hallarının cavabdehin iddiaçıdan 2024-cü ilin aprel və may aylarında müvafiq olaraq 2500 manat və 1000 manat məbləğində pulu müvafiq olaraq dörd ay və bir ay müddətə qaytarmaq şərti ilə borc aldığı, iddiaçıya həmin məbləğlərin cəmi 500 manat hissəsini 2024-cü ilin iyun ayında qaytarsa da, 3000 manat hissəsini qaytarmaması məzmununda olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində borc müqaviləsinin yazılı formada bağlanılmalı olması ilə bağlı tələb müqavilə predmetinin məbləğinin üç min manatdan çox olduğu hal üçün nəzərdə tutulduğuna, işin faktiki halları iddiaçının cavabdehə 2024-cü ilin aprel və may aylarında, yəni ayrı-ayrı vaxtlarda müvafiq olaraq 2500 manat və 1000 manat məbləğində pulu borc verməsi, cavabdehin iddiaçıya həmin məbləğin 3000 manatını qaytarmaması, beləliklə də müqavilə predmetinin məbləğinin üç min manatdan az olması və cavabdehin müqavilə öhdəliyini lazımınca icra etməməsi ilə əlaqədar olduğuna görə tərəflər arasında olan hazırki mübahisə borc müqaviləsi və ondan irəli gələn öhdəliyin yerinə yetirilməməsi ilə bağlı maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə göstərilən qanunvericilik normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğuna görə iddiaçının iş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli, 28843 nömrəli qəbz əsasında işə baxılması ilə əlaqədar dövlət rüsumuna görə ödədiyi 50 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödəmədiyi borca görə 3000 manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat olmaqla, cəmi 3050,00 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar