Məhkəmə qərarları › İş №2(064)-1900/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1900/2025

02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1900/2025 02.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı verdiyi maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia tələbi. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1600 manat borc və 3250 manat maddi zərər olmaqla ümumilikdə 4850 manat pul vəsaitinin İddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia ərizəsi onunla əsaslandırılımışdır ki, Cavabdeh Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(064)-44/2025 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh iddiaçıya məxsus Füzuli rayonu, Alxanlı kəndi ərazisində yerləşən fermada çoban kimi işləyən zaman ona etibar edilmiş xırdabuynuzlu heyvanlardan 5 baş qoyunu tamah məqsədi ilə talayaraq mənimsəmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona 3250 manat maddi zərər vurulmuşdur. Bundan başqa iddiaçı cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 1600 manat borc pul vermişdir. Ancaq cavabdeh hələ də iddiaçıdan aldığı borc məbləğini ona qaytarmamışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materialları. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(064)- 44/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.1ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan hökm üzrə verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/1627 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 5 baş təmiz ət çıxarı 38 kiloqram olan, sağlam vəziyyətdə qoyunun 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2500 manat müəyyən edilmişdir. İş materiallarında olan veteran vəsiqəsi əsasında müəyyən olunur ki, İddiaçı müharibə veteranıdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6-cı maddəsinə görə başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi çıxış edir. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-ci maddəsinə görə Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.1-ci maddəsinə görə Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə görə aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materaillarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(064)-44/2025 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, o, çoban işləyən zaman ona etibar edilmiş 5 baş xırdabuynuzlu heyvanı qəsdən tamah məqsədilə talayaraq İddiaçıya ziyan vurmuşdur. Hökmə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/1627 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 5 baş təmiz ət çıxarı 38 kiloqram olan, sağlam vəziyyətdə qoyunun 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2500 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin 1600 manat hissəsilə bağlı hüquqi qiymətləndirmə apararaq qeyd edir ki, hökmün “müəyyən etdi” hissəsində Cavabdeh İddiaçıdan 1600 manat borc aldığını və həmin borcu qaytaracağını etiraf etmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Lakin iddia tələbinin 5 baş xırdabuynuzlu heyvanın dəyəri olan 3250 manat hissəsinə münasibət bildirərək Məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Hökmə üzrə verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/1627 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 5 baş təmiz ət çıxarı 38 kiloqram olan, sağlam vəziyyətdə qoyunun 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2500 manat müəyyən edilmişdir. Ekspert rəyilə razılaşaraq Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməli, yəni 5 baş xırdabuynuzlu heyvanın dəyəri olaraq Cavabdehdən İddiaçının xeyirinə 2500 manat tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qənaətinə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə borc aldığı 1600 manat və 5 baş xırdabuynuzlu heyvanın dəyəri olaran 2500 manat olmaqla, cəmi 4100 manat tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357,358, 360 və 362-ci maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə borc aldığı 1600 manat və 5 baş xırdabuynuzlu heyvanın dəyəri olaran 2500 manat olmaqla, cəmi 4100 manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar