Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1964/2025 10.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələb: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 4500 manat pul və ödənilmiş 66 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsinin “xahiş etdim” hissəsində səhvən cavabdehin soyadını Novruzov kimi qeyd etmişdir. Odur ki, iddia ərizəsində cavabdehin adının Cavabdeh kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli rayonu, Cövhərli kəndində yaşayır. Onun həyətində taxtadan yığılmış 2 otaqlı ofis tipli daşınar evi vardır. 2025-ci ilin aprel ayında cavabdeh ona bildirmişdir ki, onun iş yerində onda olan daşınar evə ehtiyac var və ondan həmin daşınar evi ona satmasını xahiş etmişdir. O da cavabdehi əvvəldən tanıdığı üçün ona “yox” deye bilməmiş və həmin evi cavabdehə 4500 manat satmağa razılaşmışdır. Həmin vaxtı cavabdeh ona demişdir ki, ona pulu verməsi üçün bir neçə gün vaxt versin. O da cavabdehi əvvəldən tanıdığı və ona inandığı üçün onunla razılaşmışdır. Lakin üzərindən xeyli müddət keçsə də cavabdeh onun pulunu verməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, cavabdehin ona borclu olmasını onunla "WhatsApp" yazışmaları, telefon danışıqları sübut edir və o, həmin "WhatsApp" yazışmalarını da iş materiallarına əlavə etmişdir. Digər sübutları isə məhkəmə zamanı təqdim edəcəkdir. Hazırda cavabdeh ona 4500 manat pul borcludur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə olaraq işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı formada ərizə verərək işə qiyabi baxılmasına razılığını bildirmişdir. Füzuli Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materialları: -İmişli Rayon polis Şöbəsinin rəisi Azər Tağıyev tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan qeyd olunur: “Sizin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə etmiş olduğunuz müraciətə baxılmışdır. Müraciətiniz mülki xarakterli olduğundan Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununun 7.10-cu maddəsinə əsəsən rayon (şəhər) məhkəməsinə müraciət ətmək hüququnuz vardır Nəzərə almağınızı xahiş edirik.” -qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 66 manat dövlət rüsumu ödənilmişdir. -iş materiallarına əlavə edilmiş vatsap ani yazışmasından görünür ki, Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh adına qeydə alındığı müəyyən edilmiş ***- ***-**-** mobil nömrə ilə iddiaçıya məxsus mobil nömrə arasında vatsap ani yazışmasından istifadə edilməklə borcun qaytarılmasına dair yazışmalar olmuş, cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmiş, qısa zamanda qaytaracağını bildirmiş, lakin bü günədək borc pul iddiaçıya qaytarılmamışdır. - iddiaçı tərəfindən təqdim edilmiş diskin yaddaşına yazılmış və məhkəmə iclasında dinlənilmiş səs yazılarından müəyyən edilir ki, Cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmiş, qısa zamanda qaytaracağını bildirmişdir. İşin faktiki halları: Cavabdeh İddiaçı 2025-ci ilin aprel ayında taxtadan yığılmış 2 otaqlı ofis tipli daşınar evi 4500 manata almaq barədə şifahi razılığa gəlmişlər. İddiaçı qeyd edilən malı cavabdehə təhvil versə də, cavabdeh bunun müqabilində razılaşdıqları 4500 manat məbləğində pulu iddiaçıya verməmiş, aralarındakı vatsap ani yazışmasından da göründüyü kimi iddiaçıya borc pul bu günədək ödənilməmiş qalmışdır. İddiaçı pulun qaytarılmasını tələb etsə də, Cavabdeh borcunu qaytarmamışdır. Hazırda iddiaçı cavabdehdən 4500 manat məbləğində pulu və ödənilmiş dövlət rüsumuna görə 40 manat məbləğində pul vəsaitini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə baxışının hədləri: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1.2-ci bəndinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində; qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh iddiaçıya borclu olduğu 4500 manat məbləğində pulu verəcəyi barədə söz vermişdir. Beləliklə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında müəyyən olunmuş pulu geri qaytarması barədə öhdəliyi götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir. Beləliklə, cavabdehin iddiaçıya 4500 manat məbləğində borcunun olması işin mübahisəsiz halıdır. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilməli olan 4500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş 66 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Nəticə: Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66 manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 238-253 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4500 manat borc pul və ödənilmiş 66 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyirinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1964/2025
Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-1964/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver