Məhkəmə qərarları › İş №2(064)-2090/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2090/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2090/2025 18.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 10450 manat pul və ödənilmiş 122 manat dövlət rüsumunun əvəzinin tutaraq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, dayısı qızının yoldaşı olan Cavabdeh ona külli miqdarda borcunun olduğunu və özünü öldürmək həddinə çatdığını bildirmişdir. Bundan sonra Zülfü 2024-cü ilin sentyabr aylarından başalayaraq ondan borca pul istəmiş, iddiaçı isə yaxın münasibətləri olduğu üçün özündə nağd pul olmadığından həyat yoldaşının qızıllarını "xxxx" MMC adlı lombard təşkilatına girov qoymuş və 3700 manat nağd pul götürərək cavabdehə borc pul vermişdir. Bundan sonra Zülfü ondan yenidən borca pul istəmiş, iddiaçı isə anasının adına "xxxx"dan 1500 manat kredit götürərək cavabdehə borc vermişdir. Bundan sonra Zülfü yenidən zəng edərək pula ehtiyacı olduğuna görə ondan 4000 manat borc pul istəmiş, iddiaçı isə dayısı oğlu, Babayev Vüsaldan 4000 manat öz adına borc pul alıb Zülfüyə vermişdir. Sonuncu dəfə Zülfü yenə də zəng edərək ondan 1250 manat borca pul istəmiş, o isə “Azpulmat” və “Manato” tətbiqindən ümumilikdə 1250 manat kredit götürərək Zülfüyə vermişdir. Zülfü borclu olduğu 10450 manat pulu ona geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. İddiaçı hazırda həmin pulların faizini və əsas borcu ödəməkdə çətinlik çəkdiyinə görə ödəmələrində gecikmə olur və həmin borclara görə ona faiz hesablanır. Zülfü əvvəllər onun telefonuna cavab versə də, son vaxtlar cavab belə verməmiş, iddiaçı bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Beyləqan RPŞ-nin təhqiqatçısı Əli Hacıyev onu və Zülfünü rayon PŞ-nə çağıraraq üzləşdirmiş və Zülfü polis şöbəsində ona borclu olduğunu etiraf etsə də, qeyd edilən bir sıra məbləğləri təkzib edərək ona qarşı 5200 manat pul borclu olduğunu bildirmişdir. Lakin o sonradan Zülfü ilə söhbət edən zaman ona olan borcunun 5200 manat yox, 10450 (on min dörd yüz əlli) manat olduğunu dedikdə Zülfü bunu təsdiq etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehə rəsmi məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə iclasının Cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh iddia tələbini qismən qəbul edərək cavabdehdən borc pul aldığını etiraf etmiş və maddi imkanı zəif olduğundan ödəniş edə bilmədiyini bildirmişdir. Belə ki, cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, İddiaçı tanıyır və ailəvi dostdur. Aralarında heç bir mübahisə və yaxud ədavət yoxdur. O, öz işi ilə əlaqədar xeyli borcu yarandığından iddiaçıdan borc pul istəmişdir. İddiaçının isə nağd pulu olmadığından həyat yoldaşının qızıllarını "xxxx" MMC adlı lombard təşkilatına girov qoyaraq 3700 manat nağdı pul götürərək ona borc pul vermişdir. Bundan sonra o, yenidən iddiaçıdan borc istəmiş, iddiaçı isə anasının adına "xxxx"-dan 1700 manat kredit götürərək ona borc kimi vermişdir. Cavabdeh iddiaçıya 3700 manat olan borcundan 5 ay olamaqla 1250 manat, 1700 manat olan borcundan isə 5 ay olmaqla 500 manat ödəniş etmiş, hal-hazırda İddiaçıya 3650 manat borcu vardır. Borcundan bir neçə ay ödəniş etsə də, sonradan maddi cəhətdən imkanı zəif olduğundan ödəniş edə bilməmişdir. İddiaçı CD diskdə olan səs yazısında 4000 manat borcun 2000 manatının ona aid olmasını etiraf etməsi ilə bağlı ifadəsinə münasibət bildirərək qeyd etdi ki, İddiaçının arvadının halının pisləşməsindən ehtiyat edib 2000 manat borcun ona aid olmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, iddiaçı ilə söhbət edən zaman İddiaçı ona bir nəfərə borca pul verdiyini və həmin şəxs onun borcunu qaytarmadığı üçün pis vəziyyətdə olduğunu bildirmişdir. İddiaçı ona borca pul verdiyini dedikdə isə bu hərəkətin yanlış olduğunu, indiki dövrdə bu qədər borca pul verməyin düzgün olmadığını ona demişdir. Lakin o, borca pul verilən adamın kim olduğunu bilməmiş, cavabdeh olduğunu sonradan öyrənmişdir. Cavabdehi tanısa da, onunla yaxın münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan: - "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 1242/102025-249372 saylı, xx.xx.2025-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı illik faiz dərəcəsi 38% olmaqla 24 ay müddətinə 10600 manat kredit verilmişdir. - 1242/092025-239981ZG saylı, xx.xx.2025-ci il tarixli girov müqaviləsinə əlavədən görünür ki, İddiaçı tərəfindən ümumi dəyəri 17823,68 manat olan ümumi çəkisi 98,67 qr olan qızıl və 2768.04 manat məbləğində əlavə zinət əşyaları "xxxx" BOKT MMC-yə girov qoyulmuşdur. Həmin müqaviləyə əsasən ******* saylı, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı əsasında İddiaçı hesabına 9190.03 manat pul köçürülmüşdür. - X1 adına açılmış xx.xx.2024-cü il tarixli, AZ86AİİB410100G**********299 saylı bank hesabından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X1 adına 3636 manat kredit verilmişdir. - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Emin Şükürovun qərarından görünür ki, Nümayəndə Beyləqan RPŞ-yə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Məhkəmə iclasında tədqiq edilmiş 2 ədəd CD disk dinlənilən zaman tərəflər arasında aparılan danışıqlardan müəyyən olunur ki, cavabdeh iddiaçının ona vermiş olduğunu iddia etdiyi 4000 manatdan yalnız yarısının, yəni 2000 manatın ona verildiyini qəbul etmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 122 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli etibarnamə əsasında müəyyən edilir ki, İddiaçı tərəfindən arvadı Nümayəndə onu Məhkəmədə təmsil etmək hüququ etibar olunmuşdur. Məhkəmə hazırkı tələb ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Mülki qanunvericiliyə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasında əsassız varlanma da yer alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının nəticə hissəsində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, yuxarıda göstərilən hüquqi aktların tələblərini əsas götürərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləl ki, məhkəmə müəyyən edir ki, tərəflərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş səs yazıları əsasında tərəflər arasında mülki hüquq münasibətlərinin mövcud olması və iddiaçının cavabdehə 7400 manat məbləğində borc pul verməsi məlum olur. Belə ki, cavabdeh iddianı qismən qəbul edərək cavabdehdən müxtəlif dövrlər ərzində ayrıayrılıqda 3700, 1700 manat olmaqla ümumilikdə 5400 manat borc aldığını etiraf etmiş, həmin borcdan ümumilikdə 1750 manat ödədiyini bildirmiş, bu fakt iddiaçı tərəfindən də təsdiq edilmişdir. Belə olan halda cavabdehin iddiaçıya 3650 manat olması işin mübahisəsiz halıdır. Bundan başqa, CD disk dinlənilən zaman tərəflər arasında aparılan danışıqlardan müəyyən olunur ki, cavabdeh iddiaçının ona vermiş olduğunu iddia etdiyi 4000 manatdan yalnız yarısının, yəni 2000 manatın ona verildiyini qəbul etmişdir. Belə olan halda müəyyən olunur ki, Cavabdehin İddiaçıya 5650 manat borcu yaranır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Beyləqan RPŞnin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Emin Şükürovun qərarı əsısında da tərəflər arasında göstərilən mülki hüquq münasibətlərinin mövcudluğu Məhkəmə tərəfindən müəyyən olunur. Tərəflər arasındakı borc münasibətləri qanunvericiliklə müəyyən edilmiş qaydada baş tutmadığı üçün, yəni yazılı şəkildə rəsmiləşdirilmədiyi üçün məhkəmə hesab edir ki, hazırkı tələb üzrə mülki hüquq münasibətləri əsassız varlanmanı ehtiva edir. Məhkəmə Cavabdehin “İddiaçının arvadının halının pisləşməsindən ehtiyat edib 2000 manat borcun mənə aid olmasını etiraf etmişəm” ifadəsinə münasibət bildirərək qeyd edir ki, həmin disk tədqiq edilən zaman Cavabdehin dedikləri ilə bağlı hallar müəyyən edilməmiş və nəticə etibarı ilə həmin ifadələr özünümüdafiə xarakteri daşıyır. Həmçinin Məhkəmə verilmiş şahid ifadələrinə də hüquqi qiymət verərək hesab edir ki, həmin şahidlər pul vəsaitinin verilməsi zamanı bir başa həmin halları müşahidə etmədiklərindən mötəbər sübutlar hesab olunmur. Konstitusiyanın 60-cı maddəsinin səmərəli təminatının mühüm mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (X2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 76,5 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə yuxarıda göstərilən hüquqi aktları, iş materiallarında olan mötəbər hesab edilmiş sübutları və cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5650 manat və ödənilmiş 76,5 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5650 manat və ödənilmiş 76,5 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar