Məhkəmə qərarları › İş №2(064)-2117/2025

Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-2117/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2117/2025 07.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Vəliyeva (İskəndərova) Ayna Məhəmməd qızına qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələb: İddiaçı cavabdeh Vəliyeva (İskəndərova) Ayna Məhəmməd qızına qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 9800 manat pul və ödənilmiş 118 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaxşı münasibətdə olduğu Füzuli rayon, Yuxarı Vesəlli kənd sakini Vəliyevə (İskəndərova) Ayna Məhəmməd qızına xx.xx.2021-ci il tarixdə 9750 manat borc pul vermişdir. Ondan sonra xx.xx.2022-cil il tarixdə cavabdeh Vəliyevə (İskəndərova) Ayna Məhəmməd qızına 800 manat əlavə borc pul vermişdir. Cavabdehi tanıdığı üçün ona etibar etmişdir ki, aldığı pulu vaxtında qaytaracaqdır. Pulları cavabdeh ilə aralarında tərtib olunmuş qəbzə əsasən vermişdir. Cavabdeh də həmin qəbzdə ondan borc aldığını qeyd etmiş və qəbzi imzası ilə təsdiq etmişdir. Cavabdehə cəmi 10550 manat pul vermişdir. Cavabdeh pulu tez bir vaxtda qaytaracağına söz versə də, o, verdiyi vədə əməl etməmiş və aldığı borcunu vaxtında qaytarmamışdır. Müxtəlif vaxtlarda ona cəmi 750 manat pul ödəmişdir. Axrıncı səfər ona 2025-ci ilin mart ayında 100 manat pul ödəmişdir. Cavabdehin ona 9800 manat borcu qalmışdır. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciyyət etməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə olaraq işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı formada ərizə verərək işə qiyabi baxılmasına razılığını bildirmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materialları: - Qəbzdə qeyd olunur: “Vəliyeva X2 Aidə Kamal qızına özümə aid olan şəxsi hesab № **********797361 və qayınatamın mənim himayəmdə olan kart № **********391389 ilə Aidədən 9750 borc aldım karta heç bir müdaxilə olmayacaq aldığım pul qutarana kimi aldım” İmza: var, Cavabdeh. ”digər qəbzdə qeyd edildir ki: “Mən Cavabdeh İddiaçı X1 iştirakı ilə 800 manat səkkiz yüz manat borc aldım bu borcumu müqavildə özümə məxsus 5103 **********61 nömrəli əmək haqqı kartımı həvalə edirəm. Əgər borcumu qurtarana kimi bu karta müdaxilə olunas AZ RESP DCM qanununa əsasən məsuliyyət daşıyıram.Yazdıqlarımı imzamla təstiq edirəm” İmza: var, Cavabdeh. xx.xx.2022. seriya AZE ********. -qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 118 manat dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları: İddiaçı cavabdehə ümumilikdə 10550 manat borc pul vermiş, cavabdeh bu pulları alması barədə qəbz imzalayaraq iddiaçıya vermişdir. Cavabdeh qeyd edilən borcun bir qismini iddiaçıya qaytarsa da, hazırda iddiaçıya 9800 manat borcu bu günədək ödənilməmiş qalmışdır. İddiaçı pulun qaytarılmasını tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Hazırda iddiaçı cavabdehdən 9800 manat məbləğində pulu və ödənilmiş dövlət rüsumuna görə 118 manat məbləğində pul vəsaitini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə baxışının hədləri: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1.2-ci bəndinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində; qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh iddiaçıya borclu olduğu 9800 manat məbləğində pulu verəcəyi barədə söz vermişdir. Beləliklə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında müəyyən olunmuş pulu geri qaytarması barədə öhdəliyi götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir. Beləliklə, cavabdehin iddiaçıya 9800 manat məbləğində borcunun olması işin mübahisəsiz halıdır. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilməli olan 9800 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş 118 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Nəticə: Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9800 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118 manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 238-253 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9800 manat borc pul və ödənilmiş 118 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar