Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-212/2025 06.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra – Cavabdeh) İddiaçının mülkiyyətinə olan nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 1308,06 manat məbləğində vəsaitin və ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzinin alınıb İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 may 2024-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi və əmək müqaviləsinə əlavə olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Həmin tarixdə İddiaçı MMC tərəfindən, işlərin icra edilməsi məqsədi ilə, NWC/755-433ND-24 nömrəli etibarnamə əsasında, Howo markalı **-JN-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran nəqliyyat vasitəsi Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh 02 iyun 2024-cü il tarixində Howo markalı **-JN-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran nəqliyyat vasitəsini idarə edərkən İddiaçı MMCnin əmlakına, səhlənkarlıq nəticəsində, iş vaxtı, tərəfindən maddi ziyan vurulmuşdur və Cavabdeh öz izahatı ilə bu faktı təsdiq etmişdir. X2 Xidməti tərəfindən Howo markalı **-JN- *** dövlət qeydiyyat nişanlı betonqarışdıran nəqliyyat vasitəsinə əsaslı təmir etmiş və nəticədə nəqliyyat vasitəsinə dəymiş ziyan (ehtiyat hissələri dəyişdirilib) 1308.06 (bir min üç yüz səkkiz manat 06 qəpik) manat məbləğində hesablanmışdır. 06 iyun 2024-cü il tarixli “Təhvil qəbul aktı” əsasında, nəqliyyat vasitəsi saz vəziyyətə gətirilərək geri təqdim olunmuşdur. 27 may 2024-cü il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinin 5-ci bəndində göstərilir ki, Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər. Həmçinin, 27 may 2024-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləsinin (əmək müqaviləsinə əlavə) 1.3. bəndinə əsasən maddi məsul şəxsin təqsiri üzündən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırki tələblə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası hesab olunur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək işəgötürənin əsas hüquqlarından biridir. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəni nəzərə alsaq cavabdeh tərəfindən delikt törədildiyindən məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz mülki hüquq pozuntusudur. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdehdən 1308,06 manat məbləğində pul və ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçıya ödənilməlidir. Belə ki, Məhkəmə iddia ərizəsinə əlavə edilmiş cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd, 27 may 2024-cü il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinin surəti, 27 may 2024-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləsinin surəti (əmək müqaviləsinə əlavə), X2 Xidmətinin “Təhvil qəbul aktı”, Cavabdehin vurulmuş ziyanla bağlı etiraf edici izahatı və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzinin də Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1308,06 manat dəymiş zərərin və ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzi alınıb İddiaçı MMC-ya ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-212/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-212/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver