Məhkəmə qərarları › İş №2(064)-2178/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2178/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2178/2024 27.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra - Cavabdeh) Cavabdeh (bundan sonra - İddiaşı) qarşı Füzuli Rayon Məhkəməsində (bundan sonra – Məhkəmə) iddia qaldıraraq Cavabdehdən xx.xx.2024-cü il tarixli operativ lizinq müqaviləsi üzrə yaranmış 1450 manat məbləğində borcun və ödənilmiş 34,5 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 05/04249 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2065 markalı taxılyığan kombayn Cavabdehə istifadəyə verilib. Müqaviləyəy əsasən Cavabdeh İddiaçıya 6000 manat ödəməli olduğu halda 4550 manat ödəniş edib. Cavabdehin İddiaçıya 1450 manat borcu var. İddiaçı Cavabdehdən dəfələrlə borcun ödənilməsini tələb etsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcun ödənilməsindən boyun qaçırmışdır. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi Məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Məhkəməyə ərizə ünvanalayaraq iddia tələbini qəbul etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdi Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Məhkəmə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 05/04249 nömrəli operativ lizinq müqaviləsi, texnika istifadəyə verilərkən operativ lizinq müqaviləsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli akt, texnika rayon bölməsinə geri qaytarılarkən tərtib edilən xx.xx.2024-cü il tarixli akt, xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli pretenziya məktubu əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Həmçinin Məhkəmə Cavabdehin xx.xx.2024-cü il tarixli yazılı ərizəsi əsasında müəyyən edir ki, Cavabdeh ona qarşı qaldırılmış iddianı qəbul edir və borcunu etiraf edir. Belə olan halda, İddiaçı haqlı olaraq Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla və müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Odur ki, Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunmaqla Cavabdehdən İddiaçının xeyrinə 1450 manat pul tutulmalıdır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 34,5 manat dövlət rüsumunun əvəzinin də Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli operativ lizinq müqaviləsi üzrə yaranmış 1450 manat və ödənilmiş 34,5 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar