Məhkəmə qərarları › İş №2(064)-23/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-23/2024

22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-23/2024 22.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid olunun katibliyi, İddiaçı nümayəndəsi – vəkil Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra – cavabdeh) dəymiş maddi zərərə görə 4000 manat, ödənilmiş dövlət rüsumuna görə 60 manat, hüquqi yardıma görə 100 manat və etibarnamə haqqına görə 17 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin avqust ayında yaşadığı evin üst mərtəbəsindən böyük həcmdə su axaraq evi yararsız hala salmışdır. Bunla bağlı ev sahibi ilə əlaqə saxladıqda o, ziyanı aradan qaldıracağı vədi ilə iddiaçını aldatmağa davam edir. Hazırda evə təxminən 4000 manat məbləğində zərər dəymişdir. Məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən İddiaçı dəymiş maddi zərər ödənilməmişdir. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi – vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olumasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil İddiaçı mülkiyyətindədir (AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın surəti əsasında); - ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə yuxarıdakı 5 saylı mənzildən su axıdılması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2970 manat məbləğində olduğu müəyyən edilmişdir (Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/7597 nömrəli ekspert rəyinin surəti əsasında). Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası hesab olunur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəni nəzərə alsaq cavabdeh tərəfindən delikt törədildiyindən məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz mülki hüquq pozuntusudur. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, iddiaçının verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2970 manat, ödənilmiş dövlət rüsumuna görə 44,55 manat, hüquqi yardıma görə 100 manat və etibarnamə haqqına görə 17 manat pulun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzil ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Mənzil iki otaqdan, dəhliz və mətbəx sahəsindən ibarətdir. Zərər dəymiş qonaq otağının ümumi sahəsi 18,4 kv.metr təşkil edir. Otağın hündürlüyü 2,60 metr təşkil edir. Tavanda şpaklyovka qabarmaları, sarı ləkələr, divarda isə divar kağızının qopması müşahidə edilmişdir. Dəhlizin ümumi sahəsi 6 kv.metr (2.33mx2.60m) təşkil edir. Dəhlizdə divar kağızlarının qopması müəyyən edilmişdir. Eyni hallar mətbəx tikilisində də müşahidə edilmişdir. Mətbəx və dəhlizin döşəməsi metlaxdır. Mətbəx tikilisinin sahəsi 8.82 kv.metr (3mx2.94m) təşkil edir. Bundan əlavə, mətbəxdə divara quraşdırılmış mətbəx mebeli suyun təsirindən şişərək yarasız vəziyyətə düşmüşdür. Nəticədə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2970 manat məbləğində olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 60 manatdan ibarətdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun 15,45 manatı iddiaçıya, 44,55 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 115.0.6-cı maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2970 manat, ödənilmiş dövlət rüsumuna görə 44,55 manat, hüquqi yardıma görə 100 manat və etibarnamə haqqına görə 17 manat məbləğində pul alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar