Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2424/2025 14.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4300 manat borc pulun və 63 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum dostu Allahverdinin oğlu Cavabdeh atasının sağlığında, yəni 2023-cü ilin sonlarında yanına gələrək dəmir alqı-satqısı ilə məşğul omaq istədiyini, lakin maddi imkanın olmamasını və ondan 1500 (bir min beş yüz) manat məbləğində ona borc pul verməyini xahiş etmişdir. O da cavabdehin atası ilə yaxın dostluq münasibətində olduğundan və cavabdehə etibar etdiyindən həmin 1500 (bir min beş yüz) manat borc pulu cavabdehə vermişdir. Təxminən 2-3 ay sonra Cavabdeh yanına gələrək xeyli miqdarda dəmir almaq istədiyini və əlavə olaraq ona 1000 (bir min) manat məbləğində borc pul verməyini xahiş etmişdir. O da cavabdehə həmin istədiyi əlavə 1000 (bir min) manat borc pulu vermiş ki, həmin dəmir məmulatlarını alıb-satsın pul qazansın və ona olan 2500 manat borcunu qaytara bilsin. Bundan sonra təxminən 2024-cü ilin əvvəllərində cavabdeh Əlzamin yenidən onun yanına gələrək aldığı dəmir məmulatlarını Kamaz markalı yük maşınına yüklədib Bakı şəhərində aparıb satması üçün əlavə 900 (doqquz yüz) manat borc pula ehtiyacının olmasını bildirmişdir. O da cavabdehə inandığından və etibar etdiyindən həmin 900 (doqquz yüz) manat borc pulu da gətirib Əlzaminə vermiş ki, işlərini yoluna qoysun. Həmçinin Cavabdeh 2024-cü ilin təxminən aprel-may aylarında yanına gələrək Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən köhnə Süd zavodunun olmasını və sahibinin həmin zavoda məxsus yararsız dəmir məmulatlarını satdığını və ona əlavə olaraq 1500 (bir min beş yüz) manat borc pula ehtiyacının olmasını bildirmişdir. O, yenə də cavabdehin atası Allahverdi ilə aralarında olan xətir-hörmətə və etibara güvənərək həmin 1500 (bir min beş yüz) manat pulu da cavabdehə borc vermişdir. Bir müddət sonra cavabdehdən pulunu tələb etdikdə o, cavabında həmin dəmir məmulatlarını Bakı şəhərinə göndərdiyini, lakin indiyədək pulunu ala bilmədiyini, pulu alan kimi ona olan ümumilikdə 4900 (dörd min doqquz yüz) manat borcunu qaytaracağını bildirmişdir. Lakin buna baxmayaraq, cavabdeh ondan borca aldığı 4900 (dörd min doqquz yüz) manat borcundan yalnız 600 (altı yüz) manat geri qaytararaq, yerdə qalan 4300 (dörd min üç yüz) manat borcunu isə tez bir zamanda geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. O, xeyli müddət gözlədikdən sonra yəni 2025-ci ilin sentyabr ayında cavabdehdən yerdə qalan 4300 (dörd min üç yüz) manat borcunu geri qaytarmasını tələb etsə də, cavabdeh ona cavabında hazırda pulunun olmadığını, həmin borcunu verə bilməyəcəyini bildirişdir. O, cavabdehə bu barədə hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. O da əlacsız qaldığından cavabdehin ona qarşı elədiyi dələduzluqla bağlı barəsində tədbir görülməsi üçün xx.xx.2025-ci il tarixdə Beyləqan rayon Polis Şöbəsinə rəsmi qaydada şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh təhqiqat bölməsində 4300 (dörd min üç yüz) manata dair ona borclu olmasını qismən, yəni 3700 (üç min yeddi yüz) manat borclu olduğunu qəbul etsə də o, onunla razılaşmır. Cavabdehin ona ümumilikdə 4300 manat borcu qalmışdır. Belə ki, Beyləqan rayon PŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Əli Hacıyev tərəfindən şikayəti üzrə araşdırma aparılaraq Cavabdeh izahatı alınmış və xx.xx.2025-ci il tarixdə hazırki məsələnin mülki xarakterli olması əsas gətirilərək cavabdehin barəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardandan göründüyü kimi Cavabdeh izahatında ondan ümumilikdə 4300 manat məbləğində borc pul aldığını və həmin borc puldan 600 manat borcunu geri qaytardığını, lakin yerdə qalan 3700 manat borcunu isə imkanı olan kimi hissə-hissə geri qaytaracağına dair söz vermişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, o, cavabdehdən dəfələrlə borcunu tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Onun cavabdehlə aralarında 2025-ci ilin oktyabr ayında yenidən pulun qaytarılmasına dair danışıqları olmuş, o həmin danışıqları telefonun yaddaşına qeyd etmişdir. Həmin video görüntülərdən də aydın olur ki, Cavabdeh ona 4300 manat borcunun olduğunu, gələn ildən hər ay 100 manat olmaqla qaytaracağını bildirmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh 2024-cü ildə ona borcundan 600 manat qaytarmış, hazırda cavabdehin ona 4300 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qismən qəbul etdiyini və onun iddiaçıya hazırda 3700 manat borcunun olduğunu bildirmişdir. O, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Beyləqan rayon PŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Əli Hacıyev tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X1 barəsində cinayət işinin başlanması toplanmış materialda cinayət tərkibi olmadığına görə rədd edilmiş, ərizəçi İddiaçı qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X1 izahatı alınmış və o, izahatında bildirmişdir ki, İddiaçı onun həmkəndlisidir və aralarında hər hansı bir ədavət və düşmənçilik olmamış, daimi mehriban olmuşlar. Mərhum atası Allahverdi ilə İddiaçı dostluq etdiyini, buna görə də Vidadini tanıdığını qeyd etmişdir. 2023-cü il tarixdə o, İddiaçı yanına getmiş, İddiaçı alver etmək məqsədi ilə borca pul istəmiş həmin vaxt İddiaçı ona ilk öncə 1000 (min) manat borca pul vermiş, o, həmin pulla alver etmiş, lakin əlində pulu az olduğu üçün pul qazana bilməmişdir. Beləliklə o, İddiaçı 2023-cü ilin əvvəllərindən 2024-cü ilin sonlarına kimi müxtəlif vaxtlarda ümumilikdə 4300 (dörd min üç yüz) manat borca pul almış, həmin puldan 600 (altı yüz) manat İddiaçı qaytarmış, alver edə bilmədiyi üçün qalan pulunu qaytara bilməmişdir. O, hazırda İddiaçı 3700 (üç min yeddi yüz) manat borcu qaldığını, həmin pulu hissə-hissə qaytaracağına söz vermişdir. O, heç vaxat İddiaçı hər hansı bir ölümlə hədələmədiyini, hər hansı bir təsir və təhqir etmədiyini, Əlivev Vidadinin onun barəsində dediklərinin yalan və böhtan olduğunu qeyd elmişdir. Məhkəmə iclasında 1 ədəd video diskin yaddaşına yazılmış video görüntülərə baxılmış və müəyyən olunmuşdur ki, cavabdeh X2 ilə İddiaçı arasında borc pulun qaytarılmasına dair danışıqlar olmuş, cavabdeh X2 iddiaçıya 4300 manat məbləğində pul borcunun olduğunu və onu gələn ildən hər ay 100 manat olmaqla qaytaracağını bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 63 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Azərbaycan Respublikası Mülki Məcəllənin: -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən borc olaraq verdiyi 4300 manat pulun qaytarılmasını tələb etmiş, tələbini cavabdehə 4900 manat məbləğində borc verməsi, cavabdehin isə ona həmin borcdan 600 manat qaytarmasını, qalan 4300 manat pulu qaytarmaması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçıya 4300 manat borcu olsa da o, həmin borcun 600 manatını qaytarmış, hazırda onun iddiaçıya 3700 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tələbini istinad etdiyi halın təsdiqi üçün video görüntü təqdim etmişdir. Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı pulun cavabdehdən alınması ilə bağlı polis şöbəsinə müraciət etmiş, cavabdeh borc pulun alınması barədə bildirdiklərini eyni məzmunda izahat verməklə polis şöbəsindəki araşdırma zamanı da təsdiq etmişdir. Məhkəmə cavabdehin dəlillərinə tənqidi yanaşır, belə ki, onun polis orqanında da verdiyi izahatındakı fikirlər onun şəxsi mülahizələridir və bu hər hansı sübutla təsdiq edilmir. Bunun əksinə olaraq iddiaçının təqdim etdiyi video görüntülərdən isə belə məlum olur ki, cavabdeh sərbəst olaraq iddiaçıya 4300 manat məbləğində borcunun olmasını etiraf edir. Bununla da cavabdehin iddiaçıya 4300 manat məbləğində borcu olması halı təsdiq edilsə də, cavabdehin həmin borcdan hər hansı məbləğdə vəsaiti iddiaçıya geri qaytarması halı isə təsdiq edilmir. Belə olan halda isə məhkəmə hesab edir ki, iş üzrə sübutlarla cavabdehin iddiaçıya borclu olduğu pulun qaytarılması halı təsdiq edilmədiyindən iddiaçının cavabdehin ona 4300 manat məbləğində borcunun olmasına dair bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, tərəflər pulun borc olaraq verilməsini bildirsələr də, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında pulun verilməsinə dair hər hansı müqavilə mövcud deyil, pul vəsaiti iddiaçı tərəfindən cavabdehə öhdəlikdən kənar qaydada verilmişdir. Odur ki, müqavilədən kənar ödənilmiş pul vəsaitinin qaytarılmasına dair hazırki mübahisənin həllində qanunvericiliyin əsassız varlanmaya dair normaları tətbiq edilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4300 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, Cavabdeh 4300 manat məbləğində pul və 63 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pul və 63 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-2424/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2424/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver