Məhkəmə qərarları › İş №2(064)-2534/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2534/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2534/2025 25.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 11700 manat pul məbləğinin və ödənilmiş 125 manat dövlət rüsumunun əvəzinin tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Ailəsiylə birlikdə kənd təsərüffatı və heyvandarlıqla məşğul olaraq saxladıqları mal-qaranı satmaqla dolanırlar. Bu minvalla bir çox mal-qoyun alverçilərini tanıyır və bunlardan biridə hazırda ona borclu olan Füzuli rayonunun Aşağı Veysəlli kənd sakini Cavabdehdur. Belə ki, Cavabdeh mal-qara alverçisi kimi 1 ildir tanıyır, Elvinlə bir neçə dəfə aralarında al-ver olub, Elvin ondan aldığı heyvanların pulunu ik- üç dəfə aldıqdan sonra dediyi vaxtda qaytarmışdır. Bununlada Elvin onun etibarını qazanmışdır. 2024-cü il tarixdə Elvin qapısına gələrək xırdabuynuzlu heyvanlara baxmış və heyvanlardan 57 (əlli yeddi) başını alacağını bildirmişdi. Elvinlə heyvanları ümumi olaraq 15700 (on beş min yeddi yüz) manata razılaşmış və Elvin ondan 57 baş xırdabuynuzlu heyvanı nisyə alaraq onları yük maşınına yığıb aparmışdır. Elvin bildirmişdi ki, aldığı heyvanların pulunu 7-8 gün ərzində verəcəkdir. Lakin aradan 14-15 gün keçəndən sonra o, Elvinə zəng edərək heyvanlarının pulunu istədikdə Elvin həmin puldan 4000 (dörd min) manat pulu onun kart hesabına göndərmiş, lakin qalan 11700 (on bir min yeddi yüz) manat pulu Elvindən ala bilməmişdir və Elvinə məxsus mobil nömrəyə zəng etsə də, onunla əlaqə saxlamaq mümkün olmamışdır. 2024-cü ilin oktyabr ayında Elvinlə təsadüfən Sabirabad rayonu ərazisində yerləşən heyvan bazarında rastlaşdıqda Elvindən ona borclu olduğu 11700 manat pulu istədikdə Elvin ondan səbrli olmasını xahiş etmiş və borclu olduğu pulu tez bir zamanda qaytaracağına söz vermişdir. Bu günədək Elvinin nömrəsinə zəng çatmamışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə Beyləqan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, ərizə əsasında Beyləqan rayon PŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı Rübail Hidayətlinin icraatında olan araşdırma materialına əsasən müstəntiq tərəfindən Cavabdeh və onun ifadələri alınmış, borclu Cavabdeh araşdırma materialında verdiyi ifadəsində də iddiaçıya 11700 (on bir min yeddi yüz) manat pul borclu olduğunu etiraf etmişdir. Bundan sonra Beyləqan rayon PŞ-nin istintaq bölməsinin müstəntiqi polis baş leytenantı X2 tərəfindən 20 fevral 2025-ci il tarixli ‘‘cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək Cavabdeh əməlində cinayət əlaməti olmadığı, mülki xarakterli iş olduğu üçün Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - Beyləqan rayon PŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı Rübail Hidayətlinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Beyləqan rayonu Bünyadlı kəndində yaşayan İddiaçı 04 dekabr 2024-cü il tarixdə ərizə ilə Beyləqan rayon polis şöbəsinə müraciət edərək əvvəldən tanıdığı Cavabdeh 10 aprel 2024-cü il tarixdə ondan 15700 manat dəyərindəki 57 baş xırdabuynuzlu heyvanı nisyə aldığını, bir hissəsini ödəsə də, qalan 11700 manat pulu aldadıb qaytarmadığını bildirmiş və Cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə o, İddiaçı yaşadığı Bünyadlı kəndində gedərək ondan 57 baş xırdabuynuzlu heyvan almışdır. Həmin heyvanların dəyəri 15700 manat olmuş və o, həmin puldan 4000 manatını ödəmişdir. Lakin ziyana düşdüyünə görə maddi imkanı zəif olmuş və bu səbəbdən iddiaçıya olan borcunu tam qaytara bilməmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırkı tələb ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Hüquqi həqiqət prinsipi bir növ əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1--ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında mövcud olan mülki hüquq münasibətinin xarakteri nisyə alğı-satqı münasibətlərini ehtiva edir. Belə ki, cavabdehlə iddiaçı arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında cavabdeh iddiaçıdan 15700 manat dəyərində 57 baş xırdabuynuzlu heyvan almış, iddiaçı da həmin heyvanları cavabdehin mülkiyyətinə vermişdir. Lakin bir müddət keçdikdən sonra cavabdeh aralarında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş, həmin pulun 11700 manatını qaytarmamış, nəticədə müqavilə öhdəliklərini kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən edilmiş təkrar xəbərdarlıqlara baxmayaraq o, öhdəliklərinin icrasından qərəzli olaraq yayınmışdır. Beyləqan rayon PŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı Rübail Hidayətlinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə o, İddiaçı yaşadığı Bünyadlı kəndində gedərək ondan 57 baş xırdabuynuzlu heyvan almışdır. Həmin heyvanların dəyəri 15700 manat olmuş və o, həmin puldan 4000 manatını ödəmişdir. Lakin ziyana düşdüyünə görə maddi imkanı zəif olmuş və bu səbəbdən iddiaçıya olan borcunu tam qaytara bilməmişdir. Həmçinin cavabdeh məhkəmənin hazırlıq və baxış iclaslarının heç birində iştirak etməyərək məhkəməyə borcun ödənilməsiylə bağlı hər hansı dəlil təqdim edilməmiş, cavabdeh tərəfindən sübutetmə vəzifəsi yerinə yetirilməmişdir. Ona görə də məhkəmə Beyləqan RPŞ-nin araşdırması zamanı cavabdehin 11700 manat borcunu etiraf etməsinə və məhkəmə tərəfindən iş üzrə təqdiq olunmuş digər sübutlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Konstitusiyanın 60-cı maddəsinin səmərəli təminatının mühüm mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 11700 manat və ödənilmiş 125 manat dövlət rüsumunun əvəzi tulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 11700 manat və ödənilmiş 125 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar