Məhkəmə qərarları › İş №2(064)-260/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-260/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-260/2023 01.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcunun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, 77,59 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Borclu Cavabdeh bağladığı xidmət müqaviləsinə əsasən telekommunikasiya xidmətlərindən istifadə edərək *** ** ** saylı telefon nömrəsi üzərindən abunə haqqına görə 29.59 manat, internetdən istifadəyə görə 48 manat, ümumilikdə 77,59 manat məbləğində borc yaratmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh iddiaçı tərəfin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı həmin borcun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərk məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh ilə telekommunikasiya idarəsi arasında hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh adına qeydə alınmış telefon nömrəsinin abunə haqqı və internet borcu olmuşdursa 2019-cu ildən bu vaxta kimi nə səbəbə onlara bildiriş verilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Borclu Cavabdeh həmin xidmət müqaviləsinə əsasən telekommunikasiya xidmətlərindən istifadə etdiyinə görə xx.xx.2019-cu il tarixə *** ** ** saylı telefon nömrəsi üzərindən abunə haqqına görə 29.59 manat, internetdən istifadəyə görə 48 manat, ümumilikdə 77,59 manat məbləğində borcu yaranmışdır. Lakin cavabdeh tərəf iddia tələbini qəbul etməyərək Cavabdeh ilə telekommunikasiya idarəsi arasında hər hansı müqavilə bağlanmadığını, Cavabdeh adına qeydə alınmış telefon nömrəsinin abunə haqqı və internet borcu olmuşdursa 2019-cu ildən bu vaxta kimi nə səbəbə onlara bildiriş verilmədiyini bildirmişdir. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində 133397 saylı telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmaqla MMC-nin nümayəndəsi tərəfindən imzalansa da Cavabdeh həmin müqaviləyə imza atmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan müqavilə "xxxx" MMC-nin telekommunikasiya xidmətlərinin göstərilməsini sübut etməməklə Cavabdeh üçün hər hansı öhdəlik də yaratmamışdır. Məhkəmə hesab edir ki, tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən müqavilə tədqiq edilmədiyindən cavabdehin hansı öhdəlikləri üzərinə götürməsi, bu öhdəliyi lazımınca yerinə yetiribyetirməməsi və sair xüsusatları müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə Mülki Məcəllənin öhdəlik və öhdəliklərin icrası ilə bağlı normalarına nəzər salınmasını zəruri hesab edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan və formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Beləliklə, yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Beləliklə də, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 234və 284-5-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar