Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-262/2024 21.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4.800 manat, o cümlədən 2023-cü ilin avqust ayından hal-hazırkı dövrə kimi onu aldadaraq faizlə borca salaraq mənəvi ziyan yetirdiyi üçün 500 manat olmaqla, cəmi 5.300 manat, o cümlədən dövlət rüsumu kimi ödədiyi 75 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla eyni məhlədə yaşayan Sumqayıt şəhərindəki Füzuli məktəbində ibtidai sinif müəllimi işləyən Cavabdeh ona inanmağından, etibarından sui-istifadə edərək onu aldadıb, 4800 manat dəyərində qızıl-zinət əşyalarını və pulu ələ keçirib. Hazırda nə pulu qaytarır, nə əşyaları verir. Belə ki o, özü bir müddətdi alverlə məşğul idi, kimdənsə aldığı əşyanın üzərinə az miqdar pul əlavə edib satırdı və bununla dolanırdı. O, da ailə vəziyyətinin pis olduğuna, pula ehtiyacı olduğuna onu inandıraraq onu razı saldı və o, 2022-ci ilin noyabr ayı ilə 2023-cü ilin avqust ayı ərzində ona ayrı-ayrı vaxtlarda, yəni son 10 ay ərzində ona 4 dəfə cəmi dəyərləri 3590 manat olan qızıl-zinət əşyaları verdi ki, o, satıb qazanc əldə eləsin. Halbuki, bu əşyalar ona məxsus deyildi, o, mən başqalarından satmağa almışdı və Gülnarə də bunu əlbəttə bilirdi. Bundan başqa, o, yenə son 10 ay ərzində ona əlavə olaraq 3 dəfə başqa şəxslərdən cəmi məbləği 1210 manat olan pul götürüb ona verdi. O, həmin pulu borc kimi götürdü ki, təcili ailəsinə lazımdı və bir-neçə aya qaytaracaq. Sonradan öyrəndi ki, o, çox şəxsləri aldadıb və həmin pulları da ondan şikayət etmək istəyən şəxslərə verib. Beləliklə, cavabdeh dələduzluqla məşğul imiş, o, bunu bilməmişdir, hazırda başqa şəxslərdən eşidir ki çoxlu borcları varmış. Halbuki, 4 nəfərlik ailəsində hamısı işləyirmiş və yaxşı da maaş alırlarmış. Yəni əslində ailə vəziyyəti bizimkilərdən çox-çox yaxşı imiş. O, bu pulu hara xərcləyir, neynir bilmir, bəlkə də hardasa bu cür fırıldaqla fərdi ev tikdirir, ya iş görür. Onun uşaqlara verdiyi tərbiyə nə olacaq, bu cür fırıldaqçıdan azyaşlı uşaqlar nə öyrənəcək, çox acınacaqlı bir vəziyyətdi. Ona görə də, o, məhkəməyə müraciət etməyə məcbur olaraq ona dəymiş olan 4800 manat ziyanın ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh o, polisə müraciət edən kimi pulu qaytaracağına söz versə də sonradan yenə də onu aldatdı. Belə ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 20 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarına əsasən, “aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Suqmayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Pərvin Babayev küçəsində fərdi evdə yaşayan İddiaçı ilə tanışı Cavabdeh arasında yaranmış mübahisə mülki xarakterlidir. Odur ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılması rədd edilməli, İddiaçı Cavabdeh qarşı tələbinin mülki xarakterli olması izah edilməklə mülki tələbi ilə bağlı aidiyyəti üzrə mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. O, dəfələrlə cavabdehin özü ilə əlaqə saxlamışdır, lakin cavabdeh üzə çıxmır və onun pulunu mənimsəmişdir. Beləliklə də, onların əmlaklarını ələ keçirtmişdir. Hadisələrin sonrakı inkişafı göstərdi ki, o, öz şübhələrində yanılmamışdır. Belə ki, cavabdehdən dəfələrlə öz pulunu istəmişdir, lakin ala bilməmişdir. Beləliklə də, cavabdehə əmlakı verdikdən bir müddət sonra, artıq əsl get-gəl başladı. Belə ki, hər dəfə bu cavabdehə müraciət edərkən, gah həmin əmlakları satdığı şəxslərdən pulu ala bilməməsini, gah sairə ağlasığmaz bəhanələr gətirərək vaxtı uzatmaqla onu get-gələ saldı. Beləliklə də, o, sadəcə olaraq aldadaraq, pulu mənimsəməklə ona ziyan vurmuşdur. Və bizi üstəlik çox ağır maddi durumda qoymuşdur. Cavabdeh pulu qaytarmaqdan qəti imtina edir. Cavabdeh hər dəfə bizi get-gələ salaraq, müxtəlif bəhanələrlə öz üzərinə düşən öhdəliyi icra etmir. Halbuki, onun üzərinə düşən öhdəliyi icra etmək üçün kifayət qədər əmlakı və imkanları da vardır. Cavabdeh Sumqayıt ŞPİ- nin 2-ci PB-də vermiş olduğu izahatında borcunu qismən etiraf edərək göstərmişdir ki, “məni tanıdığını, qonşu olduqlarını, paltar, məişət əşyaları, xlor, qızıl-zinyət əşyaları satmaqla məşğul olduğunu, təxminən 3 ildir onunla alver etdiyini, ondan qızıl-zinyət əşyaları götürüb sataraq pulunu verdiyini, sonuncu dəfə 2023-cü ilin iyul ayının 5-də Gülnardan ümumi dəyəri 3590 manat olan qızıl zinyət əşyası aldığını, həmin qızılların pulunu avqust ayımn 5-də verəcəyini bildirdiyini, lakin qızılları satdığı şəxslərdən pullarını ala bilmədiyi üçün Gülnarın pulunu vaxtında verə bilmədiyini, Gülnarın onun pulunu vermək üçün tanımadığı şəxsdən faizlə pul götürüb onun əvəzinə borcunu ödədiyini, həmin pulun faizini ödəmək üçün oğluna məxsus əlillik kartını Gülnara verdiyini, Gülnarın hər ay həmin kartdan əvvəllər 120, 2023-cü ilin mart ayından sonra isə 150 manat çıxardığını qeyd edərək Gülnara ümumilikdə 3590 manat borcunun olduğunu, ondan əlavə 1210 manat borc almadığını qeyd etmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdeh ondan nisyə 3.590 manat dəyərində qızıl-zinət əşyası, eləcə də 1.210 manat borc pul almışdır. Lakin artıq xeyli müddətdir ki, nə qızıl-zinət əşyalarını, nə də pullları qaytarır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək bidirdi ki, o, İddiaçı 3.590 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almışdır və pulunu ödəyə bilməmişdir. O, iddiaçıdan nağd pul almamışdır. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt ŞPİ 2-ci PB-nin təhqiqatçısı T.Abdullayevin qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh izahatında Gülnara 3.590 manat borcunun olduğunu, ondan əlavə 1.210 manat borc almadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə k, İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh nisyə şəkildə 3.590 manat dəyərində qızıl-zinət əşyaları satmış, eləcə də 1.210 manat borc pul vermişdir. Cavabdeh ona borclu olduğu 4.800 manat pulu qaytarmaqdan imtina edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, İddiaçı 3.590 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almışdır və pulunu ödəyə bilməmişdir. Bundan başqa, iddiaçıdan nağd pul almamışdır. Göründüyü kimi, iddiaçı cavabdehə 1.210 manat borc pul verdiyini iddia etsə də bunu sübuta yetirə bilməmiş, cavabdeh isə bu halı inkar etmişdir. Məhkəmə elə buradaca onu qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslı sayılaraq qismən təmin olunmalı və qızıl-zinət əşyalarının dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddia tələbinin mənəvi ziyanın əvəzi olaraq 500 manatın cavabdehdən tutulması hissəsini isə rədd edərək məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı iddia ərizəsində mənəvi ziyana məruz qaldığını iddia etsə də bunu ərizəsində və məhkəmə iclasında verdiyi izahatında kifayət qədər əsaslandırmamışdır. Məhkəmə araşdırması zamanı da mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, cavabdehin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) müəyyən edilməmişdir. Belə ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Başqa sözlə ifadə etsək, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 aprel 2020-ci il tarixli Qərarında göstərmişdir ki,…..mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir…. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının: 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 10-cu maddəsində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı, AR MPM-in 107 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərci dövlət rüsumuna görə ödənilmiş cəmi 75 manatdan ibarətdir. Məhkəmə MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 75 manat dəyərində məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 5.300 manat : təmin olunmuş hissəsi 3.590 manat = 1.47, 75 manat : 1.47 = 51,02 manat) 51,02 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan (75- 51,02 = 23,98) 23,98 manat hissəsi isə iddiaçıya aid olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3.590 manat tutulsun. İş üzrə dövlət rüsumuna görə ödənilmiş 75 manatın 51,02 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 23,98 manatı İddiaçı aid olunsun. İddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-262/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-262/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver