Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-269/2024 06.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-4149/2016 saylı qətnaməsinin qəbul edildiyi xx.xx.2016-cı il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixədək olan 1030 manat pulun illik 5% olmaqla 07 il 04 ay müddətində hər il üçün 51,5 manat olmaqla gecikdirilmiş faiz borcuna görə cəmi 396,55 manat və ödənilmiş dövlət rüsumuna görə 31 manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-4149/2016 saylı qətnaməsi ilə cavabdehdən cəmi 1030 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.Lakin Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi cavabdehin icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, 1324/23 saylı pretenziya məktubu ilə cavabdehə müraciət edərək 05 gün müddətində 396,55 manat gecikdirilmiş faiz borcunun ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də ondan tələb ediləcəyini nəzərinə çatdırmışdır. Lakin cavabdeh qətnaməni yenə də icra etməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 76.1, 76.2, 77.1, 88, 106.3-cü maddələrinə əsasən iş materiallarına obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən, ümumillikdə, 396,55 manat və ödənilmiş dövlət rüsumuna görə 31 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)- 4149/2016 saylı qətnaməsi ilə cavabdehdən cəmi 1030 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Bu əsasla da iddiaçı əsas borc məbləğinin qaytarılmağa başlanma vaxtı-Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-4149/2016 saylı qətnaməsinin qəbul edildiyi xx.xx.2016-cı il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixədək olan 07 il 04 ay müddət üçün hesablanmış 396,55 manat olmaqla Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini də tələb edir. Məhkəmə bu tələbi qanuna uyğun hesab edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayılaraq qismən təmin olunmalı və əsas borc məbləğinin qaytarılmağa başlanma vaxtı- Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-4149/2016 saylı qətnaməsinin qəbul edildiyi xx.xx.2016-cı il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixədək olan 07 il 04 ay müddət üçün hesablanmış 396,55 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 31 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 396,55 manat və ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-269/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-269/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver