Məhkəmə qərarları › İş №2(064)-276/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-276/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-276/2023 27.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Qaçay Şahbazovun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Həsən Seyidabdülhəmid Əli oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlundan 1.467 manat pulun və ödənilmiş 44,67 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən buraxılmış MS seriyalı, 000084 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 193 №-li mənzil xx.xx.2015-ci il tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir və Kooperativin üzvlüyünə qəbul edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlu həmin mənzilə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mövcud olan kommunal borcunu ödəməmişdir. Belə ki, cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlunun kommunal xidmət haqqı borcu 798 manat təşkil edir. Bundan əlavə, avtomobil dayanacağına 669 manat, ümumilikdə 1.467 manat borc formalaşmışdır. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bu günədək olan kommunal borcunu ödəməmişdir. Göstərilənlərə əsasən, cavabdehdən 1.467 manat əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 44,67 manat pulun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında: İddiaçı MMC-nin nümayəndəsi Q.Şahbazov iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə vəsatətə verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2008-ci il və xx.xx.2012-ci il tarixli müqavilələrdən görünür ki, sifarişçi sifariş verir, icraçı isə əlavə muzd almadan sifarişçiyə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçıya verir, icraçı isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürür. "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli protokolunun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasının nəzərdə tutulması qərara alınmışdır. Sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, sifarişçi sifariş verir, icraçı isə əlavə muzd almadan sifarişçiyə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və sifarişçinin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu icraçıya verir, icraçı isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icraçı bina sakinlərinə göstərilən mənzilkommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin Həsən Seyidabdülhəmid Əli oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş kommunal xidmət haqqına dair arayışdan görünür ki, Həsən Seyidabdülhəmid Əli oğlunun 798 manat kommunal xidmət haqqı borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş dayanacaq xidmət haqqına dair arayışdan görünür ki, Həsən Seyidabdülhəmid Əli oğlunun avtomobil dayanacağına 669 manat borcu mövcuddur. Göründüyü kimi, İddiaçı MMC "xxxx" Mənzil-Tikinti Kooperativi ilə aralarında bağlanmış müqaviləni əsas götürərək, cavabdehdən kommunal xidmət haqqını tələb edir. Həmin tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə şgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Eyni Məcəllənin 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. 135.2 və 135.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. 136.3-cü və 136.4-cü maddələrinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.9-cu maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. 138.4-cü və 138.5-ci maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47- ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütanasib olaraq iştirak etməyə borcludur. 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarı dövlət və ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabinetinin, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Beləliklə, iddiaçı tərəfin məhkəmə baxışı zamanı verdiyi izahatı və iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli protokolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30- 0,50 manatın yığılmasının nəzərdə tutulması qərara alınmışdır. "Sifarişçi" "xxxx" Mənzil- Tikinti Kooperativi ilə "İcraçı” İddiaçı MMC arasında bağlanmış 01 may 2017-ci il tarixli müqavilə ilə isə “Sifarişçi" sifariş verməyi, “İcraçı” isə əlavə muzd almadan "Sifarişçi"yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu “icraçı”ya verməyi, "icraçı" isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Eləcə də həmin müqavilənin 3.1 -ci bəndinə əsasən "İcraçı” bina sakinlərinə göstərilən mənzilkommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürmüşdür. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh Həsən Seyidabdülhəmid Əli oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu Xətai prospekti 38 ünvanında yerləşən 193 №-li mənzil İddiaçı MMC tərəfindən kommunal xidmətlər ilə təmin edilmiş, cavabdeh tərəfindən kommunal xidmətlərə görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə 1467 manat kommunal borcu yaranmışdır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı sayılaraq təmin edilməli, cavabdehdən 1.467 manat borc və 44,67 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.511,67 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlundan 1.467 manat əsas borc və 44,67 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1511,67 manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar