Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-302/2025 13.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit öhdəliyinin bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit öhdəliyinin bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə götürdüyü kreditin ödənilməmiş qalan 7759 manat məbləğinin ½ hissəsinin İddiaçının xeyrinə Cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2006-cı il tarixdə Füzuli Rayon VVADQ şöbəsində rəsmiləşdirməklə evlənmişlər. Cavabdehlə ailə münasibətləri sonradan pozulmuşdur. Hazırda tərəflər arasında nikah aktının ləğv olunması üzrə mülki iş Məhkəmənin icraatındadır. İddiaçı birgə nikah dövründə ailənin ehtiyacları üçün öz adına kredit götürmüşdür. Belə ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ona 3796 manat məbləğində kredit verilmişdir. Həmçinin "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə o, 3150 manat əsas və 1546 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Hazırda hər iki kredit müqaviləsi üzrə cəmi ödənilməmiş 7759 manat borcu yaranmışdır. Cavabdeh kredit ödəməkdə köməklik göstərmir. Lakin həmin kredit məbləğləri ailənin ehtiyacları üçün ödənilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh şəkərli diabet xəstəsidir. Odur ki, kredit müqavilələri üzrə əldə etdiyi pul məbləğlərini əsasən Cavabdehin müalicəsi və lazımi dərmanların alınması üçün xərcləmişdir. Hazırda Cavabdeh Füzuli Rayon Mərkəzi Xəstəxanasında və Füzuli Rayon Diaqnostika Mərkəzində şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, birgə nikah dövründə əldə olunmuş kredit məbləğlərinin ödənilmiş və ödənilməmiş qalan hissələrinin Cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin götürülmüş kredit məbləğinin bir hissəsi xırdabuynuzlu heyvan – qoyunlar alınmasına, bir hissəsinin heyvan üçün tövlə tikilməsinə, bir hissəsinin yaşadığı evin təmirinə, bir hissəsini isə Cavabdehin xəstəliyi üçün xərclədiyini bildirmişdir. Keredit məbləği ilə alınmış qoyunların halhazırda onun təsərrüfatında olduğunu da etiraf etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı ona qarşı daim kobud rəftarda olub. Belə ki, sərxoş halda gələrək onu döyüb və təhqir edib. Artıq İddiaçı ilə birlikdə yaşamır, sonuncu tərəfindən daim döyüldüyü, təhqir olunduğu üçün uzun müddətdir ki, həmin evdən çıxaraq, Bakı şəhərində yaşayır. Əldə olunan kredit məbləğləri ilə isə 20 baş xırdabuynuzlu heyvan – qoyun alaraq özünə şəxsi təsərüffat yaratmışdır. Heyvanlar hazırda da onun evindədir. Belə olan halda iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. İş materiallarında olan: - AZ-İ seriyalı 295224 saylı nikah haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, tərəflər arasında Füzuli Rayon VVADQ şöbəsində xx.xx.2006-cı il tarixdə nikah aktı qeydə alınmışdır. - xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması əsasında müəyyən olunur ki, "xxxx" ASC-nin Nəsimi Filialı tərəfindən İddiaçıya illik 29,6% dərəcəsi ilə 36 aydan gec olmayaraq qaytarmaq şərti ilə 3150 manat istehlak məqsədləri üçün kredit verilmiş, əsas kredit məbləği ilə yanaşı Cavabdeh, həmçinin 1546,11 manat faiz və 63 manat kreditlə əlaqəli digər ödənişləri ödəməyi öhdəsinə götürmüşür. - "xxxx" ASC-nin Füzuli filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 204 saylı arayış əsasında müəyyən olunur ki, İddiaçının xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, GTKR5214981B187 saylı kredit müqaviləsi üzrə 3063,88 manat və xx.xx.2023-cü il tarixli, BRCB5214983B187 saylı müqavilə üzrə 100 manat limitli Birbank Cashback kredit kartında isə 0,33 manat borcu vardır. - Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış əsasında müəyyən olunur ki, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən əvvəl keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı tərəf iştirak etsə də, Cavabdeh tərəf iştirak etməmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıda qeyd olunanlara istinad edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq ər-arvadın birbirinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür ... ”. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının: 3.6-cı bəndinə görə əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.8-ci bəndinə görə prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.14-cü bəndinə görə ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.16-cı bəndinə görə sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıbaparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. 6.39-cu bəndinə əsasən kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Lakin işin faktitki halları əsasında Məhkəmə müəyyən edir ki, qarşı tərəf – Cavabdeh iddia tələbini qəbul etmir və götürülmüş kredit məbləğinin onun müalicəsi və dərmanlarının alınması üçün deyil, İddiaçının öz şəxsi təsərrüfatı üçün xərcləndiyini və hazırda birgə təsərüffat aparmadıqları halda kredit məbləğləri hesabına alınmış xırdabuynuzlu heyvanların hələ də İddiaçıya məxsus olduğunu bildirir. İddiaçı götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunduğunu, xüsusilə də, Cavabdeh üçün xərcləndiyini bildirsə də, bu halı təsdiqləyən hər hansı mötəbər sübutu Məhkəməyə təqdim etməmişdir. Belə olan halda tərəflərin birgə nikahı dövründə əldə olunmuş kredit məbləğinin ailə ehtiyacları üçün istifadə olunduğu Məhkəmə tərəfindən müəyyən olunmadığından və iş materialları əsasında öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir. Məkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı kredit öhdəliyinin bölgüsü tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-302/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-302/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver