Məhkəmə qərarları › İş №2(064)-312/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-312/2023

29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-312/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 28000 manat və ödənilmiş dövlət rüsumuna görə 174 manat olmaqla, cəmi 28174 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə aralarında şifahi qaydada əldə etdikləri razılığa əsasən quzu ətinin satışı ilə məşğul olması üçün 2020-ci ilin mart ayından başlayaraq 320 baş quzu vermiş, eləcə də 2020-ci ilin iyun ayında 20000 manat, 2021-ci ilin fevral ayında isə 13000 manat məbləğində pulu borc vermişdir. Cavabdeh həmin quzuların dəyərini və pul məbləğlərini ona quzuların satışını həyata keçirdikdən sonra qaytarmalı idi. O, hazırki iddia ərizəsini məhkəməyə göndərənə kimi cavabdeh ona borclu qaldığı ümumi məbləğin 28000 manatını ödəməmişdir. Hazırki işin məhkəmə icraatı dövründə cavabdeh ona borclu qaldığı məbləğin 600 manatını ödəmişdir. Buna görə də cavabdehin ona borclu qaldığı məbləğ cəmi 27400 manat təşkil edir. Bundan əlavə, o, iş üzrə dövlət büdcəsinə 174 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iddiaçı verdiyi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM-in) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi, mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - cavabdeh iddiaçının hazırki iş üzrə verdiyi eyni məzmunlu müraciəti üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində araşdırılması aparılmış HK-1/300 nömrəli material üzrə verdiyi izahatında quzu ətinin satışı ilə məşğul olması ilə əlaqədar 2020-ci ilin avqust ayından başlayaraq iddiaçıdan qəbul etdiyi quzular və borc aldığı pul məbləğləri ilə bağlı iddiaçıya cəmi 30600 manat məbləğində borclu qaldığını etiraf etmişdir (Nəsimi RPİ-nin müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 may 2021-ci il tarixli qərarın surətinə əsasən). - iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 175 manat məbləğində pul ödəmişdir (mədaxil qəbzinə əsasən). Məhkəmə mülki işin materialları əsasında belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdehin onunla şifahi qaydada bağladığı borc müqaviləsindən yaranan öhdəliklərin icra edilib-edilməməsi bağlıdır. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş üzrə iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-in 76, 77.1 və 88-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının tələbinin 27400 manat məbləğində borcun ödənilməsi ilə bağlı hissəsi özünün məhkəmə iclasında verdiyi izahatı ilə yanaşı, cavabdehin iddiaçının hazırki iş üzrə verdiyi eyni məzmunlu müraciəti ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində araşdırılması aparılmış HK-1/300 nömrəli material üzrə verdiyi etirafedici izahatı ilə sübut edilir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin iddia ərizəsinə etiraz verməməklə iddia tələbini mübahisələndirmədiyini də nəzərə alır. Halbuki, Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Beləliklə, iddaçı cavabdehlə şifahi qaydada bağlanmış borc müqaviləsi üzrə öhdəliklərini tam icra etməsi barədə sübutları məhkəməyə təqdim etsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən iddiaçının məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona iddia ərizəsində borclu qaldığını göstərdiyi 28000 manat məbləğində pulun 600 manatını iş üzrə məhkəmə icraatı dövründə ödədiyini bildirməsini nəzərə alır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 27400 manat və ödənilmiş dövlət rüsumuna görə 174 manat olmaqla, cəmi 27574,00 manat məbləğində pul alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar