Məhkəmə qərarları › İş №2(064)-315/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-315/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-315/2023 30.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 6.594,92 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 86 manat pulun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında xx.xx.2021-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 7001 (yeddi min bir) manat 21 (iyirmi bir) qəpik borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2021-ci il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022 il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixinə yekun olaraq 6.594,92 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı MMC-nin nümayəndəsi N.Xəlilov iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 7.001,21 manat borcu olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022 il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 6.594,92 manat borcu qalmaqdadır. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş və ödənilməmiş borcu qalmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Öhdəlik hüququndan bəhs edən 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Odur ki, qeyd olununları yekunlaşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 6.594,92 manat pul tutulmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 86 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Cavabdeh İddiaçı MMC-nin xeyrinə borca görə 6.594,92 manat və dövlət rüsumuna görə ödənilmiş 86 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026) 315-51-82 Horadiz şəhəri № 2(064)-315/2023 11 aprel 2023-cü il İddiaçı MMC-yə Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 202, Mirvari Park yaşayış kompleksi, D bloku Cavabdeh Ünvan: Bakı şəhəri, Lökbatan qəsəbəsi, Qobu park 3, mənzil 60 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-315/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar