Məhkəmə qərarları › İş №2(064)-32/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-32/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-32/2023 30.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, İddiaçı Hüseyn oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Hüseyn oğlu Cavabdeh 729,94 manat borcun alınıb onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-yə gedərək kredit müqaviləsi imzalamış və 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə 2.200 manat kredit götürmüşdür. Cavabdehin xahişi ilə o, həmin tarixli zaminlik müqaviləsinə imza etmişdir. Cavabdeh borcun bir hissəsini ödəsə də, sonradan ödənişləri gecikdirdiyindən "xxxx" MMC məhkəməyə müraciət etmiş, qalıq borcla bağlı xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi çıxarılmış və icraya yönəldilmişdir. Həmin icra sənədi üzrə əmək haqqından 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək icra haqqı ilə birlikdə cəmi 729.94 manat pul tutulmuşdur. Həmin pulun ödənilməsi üçün cavabdehə müxtəlif vaxtlarda şifahi və yazılı xəbərdarlıqlar etsə də, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı Hüseyn oğlunun zaminliyi ilə "xxxx" MMC-dən 23 noyabr 2015-ci il tarixdə 12 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 2200 manat kredit götürmüşdür. Cavabdeh borcun bir hissəsini ödəsə də, sonradan ödənişləri gecikdirdiyindən "xxxx" MMC məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-33/2018 saylı qətnaməsi ilə cəmi 1.327 manat borcun borclu və zamindən tutulması qət edilmiş və həmin qətnamə icraya yönəldilmişdir. İddiaçı həmin icra sənədi üzrə əmək haqqından cəmi 729.94 manat pul tutulduğunu bildirsə də iş materialları ilə müəyyən edilir ki, onun əmək haqqından tutulmalar cəmi 719,95 manat, o cümlədən əsas borc üzrə 673,50 manat, 7 % icra ödənişinə görə 46,45 manat təşkil edir. Belə olan halda, İddiaçı Cavabdeh qarşı reqres qaydada iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən, AR MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 719,95 manat pul alınaraq İddiaçı Hüseyn oğlunun xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar