Məhkəmə qərarları › İş №2(064)-331/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-331/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-331/2023 08.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun dayısı oğludur. Cavabdeh ünvan 1 ünvanında olan evi ona 8.000 manata satmışdır. Evi ona satan vaxt evin sənədi olmamışdır. Malik evi ona satarkən bildirmişdir ki, ev onsuzda yaxın vaxtlarda plana düşəçəkdir, evin sənədlərinə ehtiyac yoxdur. Ona görə də o, cavabdehə inanıb evi təmir etməyə başlamışdır. O, evi təmir edərkən kənar bir şəxs gələrək evin ona məxsus olduğunu bildirmişdir. Bu barədə cavabdehə bildirmişdir ki, bundan sonra onlar evi satışa qoymağa razılaşmış və evi 14.000 manata satışa qoymuşdur. Evin satışı ilə o, xaricə getdiyinə görə Malik məşğul olmalı imiş. O, xaricə gedənədək evin faktiki olaraq onun olduğunu təsdiq edən "xxxx" MMC-dən qiymətləndirmə rəyi almışdır. Bir ildən sonra o, xaricdən gəlmiş və ona məlum olmuşdur ki, cavabdeh evi 14.000 manata satıb. O, ondan bir neçə dəfə pulunu tələb etdikdən sonra o, pulun bir hissəsini, 6000 manatı ümumi qohumu olan xalası oğlu X2 yanında qaytarmışdır. Qalan pulu isə qaytarmağa söz vermişdir. Pulu tez qaytararsa qohumluğunun xatirinə pulun bir hissəsini də güzəşt edə bildiyini demiş, lakin cavabdeh pulu qaytarmamışdır. Bu səbəbdən də o, polisə müraciət etmişdir. Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsində araşdırma aparılmış və 12-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru Hüseyn Nağıyevin 22 avqust 2022-ci il tarixli cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat vermiş və iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsində göstərilənlərlə və iddiaçı ilə oxşar məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı təşəbbüsü ilə dəvət edilərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dindirilmiş şahid X5 bildirmişdir ki, o, iddiaçıya evinin təmirində köməklik göstərmişdir. Lakin iddiaçının evini neçəyə almasını və Malikin vasitəsi ilə neçəyə satmasını bilmir. Cavabdeh nümayəndəsi vəkil X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehin iddiaçıya 8.000 manat borclu olmasına dair hər hansı rəsmi sübutlar yoxdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdeh tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsinin əsaslandırılmasından belə anlaşılır ki, iddiaçı ona məxsus evin cavabdeh tərəfindən 14.000 manata satıldığını, cavabdehin 6.000 manatı ona qaytardığını, lakin qalan 8.000 manatı qaytarmadığını bildirərək həmin pulun qaytarılmasını iddia etmişdir. İddiaçı təşəbbüsü ilə dəvət edilərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dindirilmiş şahid S.Əhmədov bildirmişdir ki, o, iddiaçıya evinin təmirində köməklik göstərmişdir. Lakin iddiaçının evini neçəyə almasını və Malikin vasitəsi ilə neçəyə satmasını bilmir. İddiaçı tərəfindən sübut kimi təqdim olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin bağlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizə ilə polisə müraciət edərək Malik adlı şəxs tərəfindən 6.000 ABŞ dolları və 4.000 manat məbləğində pulunun ələ keçirilməsindən şikayət etmişdir. Həmin ərizə əsasında aparılmış araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, evinin satılmasını Malikə həvalə etmiş, Malik evi 14.000 manata sataraq 6.000 manatı ona vermiş, lakin qalan 8.000 manatı verməmişdir. O, da Malikə qohum olduğundan 5.500 manatı güzəştə gedərək qalan 2.500 manatın qaytarılmasını tələb etmişdir. Həmin araşdırma zamanı Cavabdeh Bəhmənə ev satmadığını və ona heç bir məbləğdə pul borclu olmadığını bildirmişdir. Həmin qərardan görünür ki, şahid qismində dindirilmiş X6 izahatında Malikin Sabunçu rayonunda olan evini Bəhmənə satdığını bildirmişdir. Göründüyü kimi, iddiaçı cavabdehdən 8.000 manat pulun alınması tələbinə dair iddia qaldırsa da öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun təşəbbüsü ilə dəvət edilərək məhkəmə iclasında və polisdə dindirilmiş şahidlərin qeyd etdikləri xüsusatlar müfəssəl olmadığından məhkəmə bu ifadələri sübut kimi nəzərə almamağı əsaslı hesab edir. Məhkəmə elə buradaca onu qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız sayılaraq rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar