Məhkəmə qərarları › İş №2(064)-35/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-35/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-35/2023 12.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1.042,49 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 2514.80 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 289,66 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış borcu 1878.98 ABŞ dolları cərimə borcu olmaqla, cəmi isə 5.725,93 ABŞ dolları borcun və ödənilmiş 118 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 09 02.2015-ci il tarixli, İKM 02 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Xəzər” filialı tərəfindən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 30 (otuz) % ödəmək şərti ilə 2.550 ABŞ dolları kredit verilmişdir kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 02 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmişdir. Beləliklə də, müqavilənin şərtlərini pozmuşdur. X2 İlqar oğlunun kredit üzrə banka olan əsas borcu üzrə 1042.49 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-cı il tarixinə faiz borcu 2514.80 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 289.66 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1878.98 ABŞ dolları olmaqla, cəmi 5725.93 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödəəsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2015-ci il tarixli, İKM 02 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 30 % ödəmək şərti ilə 2.550 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 02 saylı istehlak kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. İddia tələbinə görə Cavabdeh kredit üzrə banka olan borcu 1.042,49 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 2514.80 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 289,66 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1878.98 ABŞ dolları cərimə borcu olmaqla, cəmi isə 5.725,93 ABŞ dolları təşkil etmişdir. Lakin məhkəmə iddia tələbini qismən, yəni əsas borcun qaytarılması hissəsində təmin edərək bildirir ki, cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanı ilə əhatə olunan kredit olmaqla onun borcu 1.772,23 (yəni ərizədə qeyd olunan əsas borc üzrə 1.042,49 ABŞ dolları) manat təşkil edir. Belə ki, həmin Fərmanın 8.3-cü bəndinə əsasən, bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. İnternet portaldan çıxarışdan görünür ki, Cavabdeh borcundan restrukturizasiyaya yönəlmiş məbləğ 1.772,23 manat olmuşdur. Odur ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə məhz bu məbləğin tutulmasını əsaslı hesab edir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərci dövlət rüsumuna görə ödənilmiş 118 manatdan ibarətdir. Məhkəmə MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 118 manat dəyərində məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 9.734,08 (5.725,93 x 1.7) manat : təmin olunmuş hissəsi 1.772,23 manat = 5.4, 118 manat : 5.4 = 21,85) 21,85 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan (118 manat – 21,85 manat = 96,15) 96,15 manat hissəsi isə iddiaçıya aid olunmalıdır. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238, 241-244, 252-253-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 1.772,23 manat iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 118 manatın 21,85 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 96,15 manatı isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar