Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-395/2023 26.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməklə cavabdehlərdən iddiaçının xeyrinə 14.774,90 manat əsas, 1.405,84 manat faiz borcu olmaqla, cəmi 16.180,74 manat pulun və 138,94 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15.000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli, 1078497/27818 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 14.774,90 manat əsas, 1.405,84 manat faiz borcu olmaqla, cəmi 16.180,74 manat borcu təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materialına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, cavabdeh-borcalan Cavabdeh1 14.774,90 manat əsas borc, 1.405,84 manat faiz borcu olmaqla, cəmi 16.180,74 manat təşkil edir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına isnad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik hüququndan bəhs edən 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, həmin Mülki Məcəllənin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn,pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə 14.774,90 manat əsas, 1.405,84 manat faiz borcu olmaqla, cəmi 16.180,74 manat pul tutulmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 138.94 manat dövlət rüsumunun da cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. İddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi hissəsini rədd edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddia ərizəsinə əlavə edilmiş cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, cavabdehlər tərəfindən kredit borcunun ödənilməsində gecikmələr yarandığına görə iddiaçı tərəfindən kredit müqaviləsinin ləğv edilməsi barədə cavabdehə məlumat verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq ləğv olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, kredit müqaviləsinin ləğv edilməsi məhkəmədən kənar qaydada öz həllini tapdığından iddia tələbi bu hissədə rədd olunmalıdır. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.774,90 manat əsas borc, 1.405,84 manat faiz borcu olmaqla, cəmi 16.180,74 manat pul və 138,94 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-395/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-395/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver