Məhkəmə qərarları › İş №2(064)-4/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-4/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-4/2024 31.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1.983,7 manat məbləğində kredit borcu, 28,02 manat məbləğində faiz borcu və 1.065,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3.076,95 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50,77 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəlilov Mübariz Qüdrət oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 055A********** saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 1.983,7 manat məbləğində bankdan kredit götürmüşdür. Xəlilov Mübariz Qüdrət oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 1 banka qaytarmamışdır. Xəlilov Mübariz Qüdrət oğlu götürdüyü kredit üzrə onun 1.983,7 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Xəlilov Mübariz Qüdrət oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün hesablanmış faiz borcu 28.02 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. Odur ki, hesablanmış cərimə borcu 1.065,23 manat təşkil edir. Cavabdeh1 ilə bank arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zamin borcalanla birgə bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşdür. Odur ki, iddiaçı həmin borcun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə verərək cavabdeh Xəlilov Mübariz Qüdrət oğlu vəfat etdiyindn onun qanuni vərəsələri Cavabdeh2 və Cavabdeh3 işə cəlb olunmalarını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bildirdilər ki, mərhum M.Xəlilovun onlardan başqa da vərəsələri var və heç kim miras qalmış əmlakı qəbul etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xəlilov Mübariz Qüdrət oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə 1.983,7 manat məbləğində kredit götürmüşdür. M.Xəlilov kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Digər Cavabdeh1 ilə bank arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zamin borcalanla birgə bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşdür. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliklərini yerinə yetirsə də cavabdehlər üzərlərinə götürdükləri öhdəliklərinə lazımınca əməl etməmiş və belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. İş materialları ilə həm də müəyyən edilir ki, borcalan M.Xəlilov xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun vərəsələri olan oğlu Cavabdeh2 və arvadı Cavabdeh3 mülki işə cəlb edilmişlər. İddiaçı qeyd olunan borcun vərəsələrdən və cavabdeh-zamin Cavabdeh1 tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini vərəsələrə aid hissədə rədd edərək aşağıdakların qeyd olunmasını zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Xəlilov Mübariz Qüdrət oğlunun adına vərəsəlik işi açılmamışdır. DƏDRX-in 1 saylı Bakı Ərazi İadrəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərhum M.Xəlilovun adına Füzuli rayonu, Horadiz şəhərində yerləşən 3 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Füzuli rayon İHB-nin Horadiz şəhəri İƏDÜ nümayəndəsi Ə.Abdullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum M.Xəlilova məxsus ünvan 1 ünvanında yerləşən evində arvadı Cavabdeh3 və oğlu Cavabdeh2 yaşayırlar. İddiaçı məhz sonuncu məktuba isnad edərək Cavabdeh3 və Cavabdeh2 mərhum borclu M.Xəlilovun mirasını qəbul etməsi qənaətinə gələrək kredit borcunun onlardan tutulmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, Cavabdeh3 və Cavabdeh2 mərhum borclu M.Xəlilovun mülkiyyətində olan evində yaşamaları məhz onların mirası qəbul etmələri anlamına gəlmir. Digər tərəfdən, həmin məktub vərəsələrin dəqiq dairəsini, eləcə də Cavabdeh3 və Cavabdeh2 miras payın hansı həcmdə çatmasını müəyyən etmir. Odur ki, məhkəmə iddia tələbini vərəsələrə aid hissədə rədd etməyi əsaslı hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 aprel 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsini isə təmin edərək məhkəmə aşağıdakların qeyd olunmasını zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli bildirişlə (məhkəmədə iddia qaldırmamışdan 2 ay əvvəl) cavabdehlərə müraciət edərək banka həmin tarixə 1.983,7 manat məbləğində kredit borcu, 26,72 manat məbləğində faiz borcu və 1.001,75 manat məbləğində cərimə borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 10 gün müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 10 gün müddətində ləğv etməyi təklif etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. İddia tələbinin kredit borcunun cavabdeh-zamin Cavabdeh1 tutulması hissəsini təmin edərək məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 4 iyun 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. 2. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. 3. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi 1.065,23 manat məbləğində cərimə borcunun azaldılaraq 100 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 50,77 manat dövlət rüsumunun cavabdeh-zamin Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 234 və 284-5-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Xəlilov Mübariz Qüdrət oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə ləğv edilmiş hesab edilsin. Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 1.983,7 manat əsas borc, 28,02 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2.111,72 manat borc və 50,77 manat qabaqcadan ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar