Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-424/2023 11.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı oğlu xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Rauf adlı uşağı doğulmuş, lakin məhkəmə qətnaməsilə rəsmi olaraq nikahları pozulmuş, azyaşlı uşaq onun yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə alimentin məbləği artırılaraq 110 manat müəyyən edilmişdir. Hazırda məhkəmə qətnaməsi çıxarıldığı vaxtdan artıq birildən çox vaxt keçmiş, inflasiya getmişdir, qiymətlər xeyli artmışdır. Ona görə də, alimentin miqdarının artırılması qənaətindədir. Məsələ ilə əlaqədar olaraq Mediasiya Şurasına müraciət olunsa da, heç bir nəticə əldə olunmamışdır. Odur ki, yenidən məhkəməyə müraciət etmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Füzuli Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli, 2(064)-1089/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunmuş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən azyaşlı 2012-ci il təvəllüdlü Raufun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilmişdir. “AZEMİS”-dən çıxarışdan görünür ki, Cavabdeh avtomobil və kənd təsərrüfatı maşın və avadanlığının təmiri üzrə çilingər işləyir və əmək haqqı 345 manat təşkil edir. “AZEMİS”-dən çıxarışdan görünür ki, Cavabdeh himayəsində başqa nikahdan iki azyaşlı uşağı var: xx.xx.2016-cı il təvəllüdlü Səid və xx.xx.2019-cu il təvəllüdlü Rəvan. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yada qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələbedən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının: 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda isnad olunan Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər…..Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (hazırkı halda artırılması) üçün zəruri şərtlərdən biri kimi tərəflərdən birinin ailə vəziyyətində dəyişikliyin olmasını qeyd etmişdir. İşin faktiki hallarından aydın olur ki, iddiaçı ananın ailə vəziyyətində dəyişiklik olmamış, cavabdeh atanın ailə vəziyyətində isə əksinə dəyişiklik olmuş və hazırda himayəsində ikinci nigahdan iki azyaşlı uşağı var. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi əsaslarından biri də tərəflərdən birinin (hazırkı halda cavabdeh atanın) maddi vəziyyətində dəyişikliyin olması, yəni maddi vəziyyətinin yaxşılaşmasıdır. İddiaçı tərəfindən cavabdehin maddi vəziyyətinin yaxşılaşmasına dair hər hansı sübutlar məhkəməyə təqdim olunmamışdır. “AZEMİS”-dən çıxarışdan isə görünür ki, Cavabdeh avtomobil və kənd təsərrüfatı maşın və avadanlığının təmiri üzrə çilingər işləyir və əmək haqqı 345 manat təşkil edir. Yuxarıda isnad olunan Ali Məhkəmənin Plenum Qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan 2012-ci il təvəllüdlü Raufun mənafeyini, yəni onun artıq böyüyərək tələbatlarının artmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, iddiaçı ananın özünün də azyaşlı oğlunu saxlamaq vəzifəsinin olmasını, cavabdeh atanın himayəsində başqa nigahdan iki azyaşlı uşağının olmasını və eləcə də sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən azyaşlı Raufun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-424/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-424/2023
11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver