Məhkəmə qərarları › İş №2(064)-44/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-44/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-44/2024 15.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə 4.355,26 manat əsas borc, 724,58 manat faiz borcu və 68,93 manat cərimə borcu olmaqla cəmi 5.148,77 manat borcun və 71,49 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29% ödəmək şərtilə 4.900 manat məbləğində kredit xətti açılmışdır. Ümumi oferta müqaviləsinin 20.9-cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi İlə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 4.355,26 AZN əsas, 724,58 AZN faiz, 68,93 AZN cərimə borcu olmaqla, cəmi 5.148,77 AZN borcu yaranmışdır. Məhkəmə iclasında: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, borcundan 206 manat ödəniş etmişdir. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29% ödəmək şərtilə 4.900 manat məbləğində kredit xətti açılmışdır. Ümumi oferta müqaviləsinin 20.9-cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən-iddiaçı yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalancavabdehə kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi İlə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə olan halda, iddiaçı 1 iyun 2023-cü il tarixli bildirişlə cavabdehə müraciət edərək aralarında bağlanmış müqaviləni ləğv etməyi təklif etmiş, xx.xx.2023-cü il tarixdə isə məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldrımışdır. Lakin məhkəmə iddia ərizəsində tələb olunan əsas borcun məbləği ilə razılaşsa da faiz və cərimə borclarının məbləği ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, iddiaçı 1 iyun 2023-cü il tarixli bildirişlə (məhkəmədə iddia qaldırmamışdan 4 ay əvvəl) Cavabdeh müraciət edərək onun banka həmin tarixə 4.355,26 manat əsas borc, 270,48 manat faiz borcu, 6,86 manat cərimə borcu olmaqla, cəmi 4.632,6 manat borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, faiz və cərimə borclarının məbləği məhz həmin bildirişdə qeyd olunan məbləğlər, yəni 270,48 manat faiz borcu və 6,86 manat cərimə borcu nəzərə alınmalıdır. Bununla yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş qəbzin surətindən görünür ki, məhkəmənin gedişatında onun tərəfindən 206 manat məbləğində ödəniş aparılmışdır. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan məbləğ 270,48 manat faiz borcundan çıxılmaqla cavabdehdən faiz borcuna görə 64,48 manat tutulmalıdır. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, AR MPM-in 107 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərci 71,49 manatdan ibarətdir. Məhkəmə AR MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, 71,49 manat məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 5.148,77 manat : təmin olunmuş hissəsi 4.426,66 manat = 1.16, 71,49 manat : 1.16 = 61,62) 61,62 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan (71,49 – 61,62 = 9,87) 9,87 manat hissəsi isə iddiaçıya aid olunmalıdır. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin xeyrinə Cavabdeh 4.355,26 manat əsas borc, 64,48 manat faiz borcu və 6,86 manat cərimə borcu olmaqla cəmi 4.426,6 manat pul tutulsun. İş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 71,49 manatın 61,62 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin, qalan 9,87 manatı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar