Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-450/2023 23.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” barədə verdiyi iddia ərizəsinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 11 noyabr 2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış 1333,31 ABŞ dolları əsas, 1081,10 ABŞ dolları faiz, 63,96 ABŞ dolları cərimə və müqavilə müddətinin bitdiyi tarixdən 08 oktyabr 2018-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla, 1,52 ABŞ dolları məbləğində borca görə cəmi 2479,89 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC Cavabdeh1 aralarında bağlanmış 11 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27 faizlə, 2000 ABŞ dolları məbləğində pulu kreditlə vermiş, borcun təminatı olaraq həmin tarixdə "xxxx" ASC digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh1 həmin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməməsi nəticəsində cavabdehlərin iddiaçıya 1333,31 ABŞ dolları əsas, 1081,10 ABŞ dolları faiz, 63,96 ABŞ dolları cərimə və müqavilə müddətinin bitdiyi tarixdən 08 oktyabr 2018-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla, 1,52 ABŞ dolları, beləliklə də cəmi 2479,89 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər iddiaçıya həmin borcunu ödəməmişlər. Bundan əlavə, iddiaçı dövlət rüsumuna görə 30 manat məbləğində pul ödəmişdir. İş üzrə Füzuli Rayon Məhkəməsinin: - 21 yanvar 2019-cu il tarixli, 2(064)190/2019 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. - 28 fevral 2019-cu il tarixli qərardadı ilə 21 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilərək iş məhkəmə baxışına təyin edilmişdir. - 17 may 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. - 13 fevral 2023-cü il tarixli, 2(064)450/2023 nömrəli qərardadı ilə 17 may 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş iddia icraatına keçirilmişdir. İddiaçı məhkəməyə göndərdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” 16 fevral 2023-cü il tarixli ərizəsində cavabdehlərdən 11 noyabr 2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış 711,76 ABŞ dolları əsas, 249,88 ABŞ dolları faiz, 1123,85 ABŞ dolları cərimə və müqavilə müddətinin bitməsindən sonrakı müddətə hesablanmış 160 ABŞ dolları məbləğində borca görə cəmi 2245,49 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə cəmi 58,18 manat məbləğində pulun müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - iddiaçı) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizəsində iş üzrə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, iddiaçı tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli maliyyə arayışında 11 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçıya olan borcunun cəmi 2245,49 ABŞ dolları məbləğində olduğu göstərilsə də, məhkəmə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından hazırki iş üzrə əldə edilib mülki işin materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Problemli kreditlərin kompensasiyası”na dair məlumat əsasında müəyyən etmişdir ki, həmin müqavilə üzrə Cavabdeh1 iddiaçıya 01 mart 2019-cu il tarixə olan borcu 2266,63 manat olmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə həmin borcun 1056,63 manat hissəsi kompensasiya edilməklə azaldılmış, nəticədə Cavabdeh1 iddiaçıya olan borcunun 1210 manat təşkil etməsinə görə həmin məbləğin restrukturizasiya olunması təklif olunmuşdur. Məhkəmə, həmçinin iş materiallarında olan 11 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsi əsasında həmin müqaviləni bağlamış Cavabdeh2 iddiaçı qarşısında Cavabdeh1 göstərilən kredit müqaviləsi üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü müəyyən edir. Məhkəmə, həmçinin iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzləri əsasında müəyyən etmişdir ki, iddiaçı iş üzrə dövlət rüsumuna görə cəmi 58,18 manat məbləğində pul ödəmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən, yuxarıda göstərilən işin müəyyən edilmiş faktiki hallarına və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 11 noyabr 2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış borca görə 1210 manat və ödənilmiş dövlət rüsumuna görə 58,18 manat olmaqla, cəmi 1268,18 manat məbləğində pul müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11 noyabr 2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış borca görə 1210 manat və ödənilmiş dövlət rüsumuna görə 58,18 manat olmaqla, cəmi 1268,18 manat məbləğində pul müştərək qaydada tutulub iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-450/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-450/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver