Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-464/2023 18.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 22 may 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış borca görə 1549 manat və ödənilmiş dövlət rüsumuna görə 37 manat olmaqla, cəmi 1586 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış 22 may 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ona aldığı “Sintra” modelli su təmizləmə sistemi və onun tərkib hissəsi olan aksesuarlarına görə 150 manat ilkin ödəniş etməklə, 1549 manat pulu ödəniş cədvəli üzrə 16 ay müddətində, hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin müqavilə üzrə ödəniş etməmiş, iddiaçının poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərməsinə baxmayaraq, qalıq qalmış 1549 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu cəmi 1549 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 37 manat məbləğində pul ödəmişdir. İddiaçı və cavabdeh məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, gəlməmişlər. İddiaçı məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə göndərdiyi 06 aprel 2023-cü il tarixli teleqramında məhkəmə iclasına gələ bilməyəcəyini göstərmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 22 may 2019-cu il tarixli alğı-satqı müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, iddiaçının cavabdehə yazılı qaydada göndərdiyi xəbərdarlıq, ona dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu, hətta cavabdehin həmin müqavilənin sonuna “oxudum, şərtlərlə razıyam” məzmununda şəxsən qeyd yazdığını müəyyən edir, buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 22 may 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış borca görə 1549 manat və ödənilmiş dövlət rüsumuna görə 37 manat olmaqla, cəmi 1586 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-464/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-464/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver