Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-47/2025 24.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.000.000 manatın və 1.290 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əvvəllər tanıdığı Cavabdeh adlı şəxslə təqribən 2016-cı illiərin əvvəllərindən başlayaraq xırda biznes fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Cavabdeh tikinti işləri ilə məşğul olmuş, şirkətlərlə biznes əlaqəsində olmuş, İddiaçı isə onu ilk vaxtlar kiçik məbləğdə nisyə tikinti materialları (sement və klinker) ilə təchiz etmişdir. Əvvəl verdiyi tikinti materiallarının dəyərinin bir hissəsini ödədikdən sonra, Cavabdehin xahişi ilə yenə də ona nisyə tikinti materialları vermişdir. Bir müddət normal qaydada tikinti materiallarının nisyə alış-verişi ilə məşğul olmuşlar. İlk illər tərəfindən malın buraxılması və cavabdeh tərəfindən buraxılmış malın dəyərinin hissəhissə ödənilməsi ilə əlaqədar heç bir problem olmamışdır. Bu səbəbdən də heç nədən şübhələnməyərək Cavabdehin xahişi və istəyi ilə ona nisyə satdığı tikinti materiallarının həcmini hər dəfə artırır və verdiyi malların ödənilməmiş ümumi borc hissəsi 2017-ci ilin sonuna təqribən 1.600.000 manata yaxınlaşmışdır. Məbləğ artdıqdan sonra, ödənişlərdə çətinliklər yaranmağa başlamışdır. Belə ki, Cavabdehə verdiyi tikinti materiallarının dəyəri onun hissə-hissə ödədiyi borc məbləğini daha sürətlə üstələməyə başlamışdır. Bu səbəbdən 2017-ci ilin sonlarından başlayaraq cavabdeh X1 tikinti materiallarının nisyə verilməsini dayandırmışdır. Oturub onunla yaranmış ümumi borcu hesablamışdır. Hər ikisi əmin olmuşdur ki, ümumi borc 1.600.000 manat təşkil edir. Bundan sonra, Cavabdeh Adığözəl oğlu ona mal verilməsini dayandırdığından öz ofisində onu Rafiq adlı dostu ilə tanış etmişdir ki, bu dəfə Rafiq adlı dostu ilə birgə fəaliyyət göstərib ona olan borcunu ödəyəcəkdir. Odur ki, yenə satış üçün ona mal buraxmağını xahiş etmişdir. Beləcə, o, cavabdehə yenə də 330.000 manat dəyərində tikinti materialları buraxmışdır. Ümumi borc 1.930.000 manat olmuşdur. İkinci dəfə mal buraxdıqdan sonra ümumi borcun az bir hissəsi ödənilmişdir. Lakin ödənişlərdə yenə problem yarandığından xahiş etmişdir ki, həmin borcun bir hissəsini Cavabdeh dediyinə görə, ona borcu olan digər şəxslərin adına qeydiyyatdan keçmiş torpaq sahələri ilə əvəzləşdirilsin. Beləliklə, torpaq sahələrinə hüquqları olan şəxslərin razılığı ilə Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4 ədəd torpaq sahələri İddiaçının adına qeydiyyata almışdır. Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılan qiymətləndirməyə görə, İddiaçının adına qeydiyyatdan keçmiş torpaq sahələrinin ümumi bazar qiyməti 578.500 manat təşkil etmişdir ki, həmin məbləğ də ümumi borcdan çıxılmışdır. Bundan sonra, qalan borcun ödənilməsi üçün Cavabdeh bir müddət heç bir hərəkət etməmişdir. Bu səbəbdən İddiaçı məcbur olub 2018-ci ilin sonlarında hüquq mühafizə orqanına şikayət etmişdir. Şikayətə baxılan dövrlərdə yenə də əvəzləmə yolu ilə 143.000 manat məbləğində dəyərləndirilən mənzil İddiaçının adına keçirilmişdir. Beləliklə, Cavabdeh 2019-cu ilin ortalarına İddiaçıya yaranmış borcu 1.060.000 manat təşkil etmişdir ki, həmin borcu da qarşılıqlı razılaşmaya görə, Cavabdeh 5 il müddətinə ona tam qaytarmağa söz vermişdir. 2022-ci ilin ortalarına qədər cavabdeh ümumi borcdan hissə-hissə 60.000 manat ödəmişdir. Bundan sonra 1.000.000 manat məbləğində ödənilməmiş borc qalmışdır. Bundan əlavə, borcunun əvəzi kimi 2022-ci ilin ortalarına qədər Cavabdeh İddiaçıya yenə də müxtəlif yerlərdə icarə əsasında olan torpaq sahələri təklif etmişdir. Lakin, təklif edilən torpaq sahələrinin istəyinə uyğun istifadəsində problemlər olduğundan onun təkliflərindən imtina etmişdir. 2022-ci ilin ortalarında o da İddiaçıya məlum oldu ki, Cavabdehin təşəbbüsü ilə borcun bir hissəsinin əvəzi kimi dəyərini 143.000 manat hesab etdiyi və İddiaçının adına keçirilmiş mənzil başqa şəxsə satılmışdır. Bu səbəbdən cavabdehlə əlaqə yaradıb, məsələyə aydınlıq gətirməsini istəmişdir. O, söhbətdən yayınmağa başlamışdır. Belə olan halda, ondan şübhələnməyə başlamışdır və 5 ilin tamamını gözləmədən qalan borcu da ödəməsini tələb etmişdir. Lakin o, müxtəlif bəhanələrlə ondan yayınmağa başladı, daha sonra isə telefon zənglərinə ümumiyyətlə cavab vermədi. Bu səbəbdən pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət edir və Cavabdeh 1.000.000 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun iddiaçıya cəmi 1.060.000 manat borcu olmuşdur. Borclu olduğu 1.060.000 manat pulun İddiaçıya 42.000 manatını nağd pulla və 18.000 manatını dəyəri iddiaçı ilə qarşılıqlı razılaşma əsasında 18.000 manat dəyərləndirilən “RANGE ROVER” markalı avtobillə, 143.000 manatını dəyəri iddiaçı ilə qarşılıqlı razılaşma əsasında 143.000 manat dəyərləndirilən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 143,84 kv.m. olan, 3 otaqdan ibarət mənzillə və 142.500 manatını isə dəyəri iddiaçı ilə qarşılıqlı razılaşma əsasında 142.500 manat dəyərləndirilən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 95 kv.m. olan, 2 otaqlı, 12 saylı mənzillə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılan zaman ödəmişdir. Yerdə qalan borcun bir hissəsini isə hələ Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılandan öncə iddiaçı ilə qarşılıqlı razılaşma əsasında ümumi bazar dəyəri 578.500 manat olan Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri verməklə ödəmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı “Whatsapp” tətbiqi vasitəsilə nümayəndəsi vəkil Nümayəndə tərəfindən görüntülü zəng edilən zaman İddiaçı Cavabdehin qeyd etdiyi xüsusatları təsdiq edərək bildirdi ki, Cavabdehin ona cəmi 1.060.000 manat borcu olmuşdur, həmin 1.060.000 manat borcun 42.000 manatını nağd şəkildə, 18.000 manatını “RANGE ROVER” markalı avtomobillə, 143.000 manatını ünvan 1 ünvanında yerləşən mənzillə, bir hissəsini ünvan 2 ünvanında yerləşən mənzillə, digər bir hissəsini isə ümumi bazar qiyməti 578.500 manat təşkil edən Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4 ədəd torpaq sahələri verməklə ödəmişdir. Lakin həmin torpaq sahələri istifadəyə yarasızdır, həmin torpaq sahələrindən istifadə etmək mümkün deyildir. Buna görə də həmin torpaq sahələrinin 578.500 manat təşkil edən dəyərini ümumi borcdan çıxmır. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki: - Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,89 ha torpaq sahəsi üzrə icarə hüququ bağışlanma yolu ilə İddiaçı adına rəsmiləşdirilmişdir (RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən). - Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,36 ha torpaq sahəsi üzrə icarə hüququ bağışlanma yolu ilə İddiaçı adına rəsmiləşdirilmişdir (RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən). - Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,775 ha torpaq sahəsi üzrə icarə hüququ bağışlanma yolu ilə İddiaçı adına rəsmiləşdirilmişdir (RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən). - Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,885 ha torpaq sahəsi üzrə icarə hüququ bağışlanma yolu ilə İddiaçı adına rəsmiləşdirilmişdir (RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən). - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1897/2022 nömrəli qətnaməsinin surəti əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli, 3 otaqdan ibarət mənzil müqavilə şərtlərinə uyğun olaraq İddiaçı təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 15/25 nömrəli arayışına əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında "xxxx" MMC-yə məxsus yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 95 kv.m. olan 2 otaqlı, 12 saylı mənzil Cavabdeh məxsus olmuş, xx.xx.2018-ci il tarixdə həmin mənzil İddiaçı verilmişdir. - xx.xx.2018-ci il tarixli müqavilə əsasında müəyyən edilir ki, ünvan 2 ünvanında "xxxx" MMC-yə məxsus yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 95 kv.m. olan 2 otaqlı, 12 saylı mənzil bir kv.m-i 1.500 manatdan hesablanmaqla İddiaçı verilmiş və müqavilə imzalanarkən “payçı” müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən həmin mənzilin dəyərinin 142.500 manat olduğu müəyyən edildi (95* 1.500=142.500). - Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 1.280.000 manat pulunun Cavabdeh tərəfindən ələkeçirilməsi ilə bağlı müraciəti əsasında BMCMİ-də araşdırma aparılaraq müəyyən edilmişdir ki, Cavabdeh pulunu sonradan ödəmək şərti ilə 2016-2017-ci illər ərzində İddiaçı tikinti materialları almış, sonrakı müddətdə pulun bir hissəsini ödəsə də, qalan 1.060.000 manat pulu ödəyə bilməmişdir. Araşdırma zamanı İddiaçı tələbi təmin edildiyindən o, təkrar ərizə ilə müraciət edərək şikayətinin olmadığını bildirmişdir. - mədaxil qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 1290 manat məbləğində pul ödəmişdir. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə iddiaçının və onun nümayəndəsinin iddia tələbi ilə bağlı irəli sürdüyü dəlil və təqdim etdiyi sübutları, eyni zamanda cavabdehin təqdim etdiyi sübutları Azərbaycan Respublikası MPM-in 76, 77.1 və 88-ci maddələrinə əsaslanaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları və tərəflərin izahatları əsasında müəyyən olunur ki, tərəflər arasında hüquq münasibətlərinin xarakteri onlar arasında şifahi formada nisyə alğı-satqı müqaviləsinin bağlanmasını ehtiva edir. Cavabdeh nisyə aldığı malın (sement və klinker) dəyərinin bir hissəsini ödəmədiyindən tərəflər arasında mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı iddia ərizəsində Cavabdehin ona 1.930.000 manat borclu olduğunu göstərsə də, Məhkəməyə həmin borcun mövcudluğunu təsdiq edən heç bir sübut təqdim etmədiyindən həmin borcun göstərilən həcmdə mövcudluğu sübuta yetirilmədi. Bundan başqa Məhkəmə tərəfindən o da müəyyən olundu ki, Cavabdehin İddiaçıya nisyə alğı-satqı müqaviləsi əsasında 1.060.000 manat borcu yaranmış, Cavabdeh 1.060.000 manat borcun 578.500 manatını İddiaçıya hələ Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılandan öncə iddiaçı ilə qarşılıqlı razılaşma əsasında ümumi bazar dəyəri 578.500 manat müəyyənləşdirilmiş Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri verməklə, həmçinin 42.000 manatını nağd pulla və 18.000 manatını dəyəri iddiaçı ilə qarşılıqlı razılaşma əsasında 18.000 manat dəyərləndirilən “RANGE ROVER” markalı avtobillə, 143.000 manatını dəyəri iddiaçı ilə qarşılıqlı razılaşma əsasında 143.000 manat dəyərləndirilən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 143,84 kv.m. olan, 3 otaqdan ibarət mənzillə və 142.500 manatını isə dəyəri iddiaçı ilə qarşılıqlı razılaşma əsasında 142.500 manat dəyərləndirilən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 95 kv.m. olan, 2 otaqlı, 12 saylı mənzillə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılan zaman ödəmişdir. Lakin İddiaçı iddia ərizəsində nağd pulla ödənilmiş 42.000 manatı və “RANGE ROVER” markalı avtobillə ödənilmiş 18.000 manatı 1.060.000 manatdan çıxaraq 1.000.000 manat həcmində Cavabdehə qarşı iddia irəli sürmüşdür. Bu hallar həm İddiaçının iddia ərizəsində göstərdikləri, həm də sonuncunun məhkəmə iclası zamanı “Whatsapp” tətbiqi vasitəsilə nümayəndəsi vəkil Nümayəndə tərəfindən ona görüntülü zəng edilən zaman (şəxsiyyəti müəyyən edilməklə) verdiyi izahatı ilə öz təsdiqini tapır. Belə olan halda Məhkəmə müəyyən edir ki, Cavabdeh tərəfindən İddiaçıya nisyə alğı-satqı müqaviləsi əsasında yaranmış 1.000.000 manat borcun 864.000 manatı ödənilmiş və 136.000 manat borc qalmışdır. Məhkəmə İddiaçının sonuncu ilə qarşılıqlı razılaşma əsasında verilmiş ümumi bazar dəyəri 578.500 manat olan Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yararsız olduğu üçün borc məbləğindən çıxmaması ilə bağlı ifadəsinə hüquqi qiymət verərək bildirir ki, iddiaçı iddia ərizəsində icarə hüququ bağışlanma yolu ilə adına rəsmiləşdirilmiş torpaq sahələrinin ümumi bazar qiyməti olan 578.500 manatını ümumi borcdan çıxdığını göstərdiyindən, həmçinin həmin özgəninkiləşdirmədən artıq 8 (səkkiz) ilə yaxın bir vaxt keçsə də həmin sənəd məhkəmə qaydasında mübahisələndirilmədiyindən həmin tələb əsasızdır və Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin razılaşdırılmış 578.500 manat dəyəri ümumi borcdan çıxılmalıdır. Məhkəmə hazırki mübahisə üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı prosessual tələbləri əks etdirən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 136.000 manat məbləğində pul tutulmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, Məhkəmə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 1290 manat dövlət rüsumunun 426 manatının cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə nisyə alğı-satqı müqaviləsi əsasında yaranmış 136.000 (yüz otuz altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 426 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-47/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-47/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver