Məhkəmə qərarları › İş №2(064)-475/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-475/2023

29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-475/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu maddi zərərə görə 50 manat məbləğində pulun iki mislinin, yəni 100 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında təmin edilməsini xahiş etdiyi tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 26 mart 2022-ci il tarixdə Füzuli rayonu, Fin qəsəbəsində yerləşən, ona məxsus “Zəfər 44” ət dükanına quraşdırılmış su mühərrikinin su çəkən hissəsini qəsdən sındırmaqla ona 50 manat məbləğində maddi zərər vurmuş, buna görə də Füzuli Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 3(064)427/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdehdən həmin inzibati xətaya görə təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasına əsasən ona 50 manatın iki mislini, yəni 100 manat məbləğində pul ödəməsini tələb edir. Məhkəmə iclasında cavabdeh verdiyi izahatında iddiaçının tələbini qəbul etmədiyini, iddiaçının göstərdiyi əməli törətmədiyini və sonuncuya hər hansı formada maddi zərər vurmadığını, lakin Füzuli Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 3(064)427/2022 nömrəli qərarından şikayət vermədiyini göstərərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki işin materiallarında olan Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 sentyabr 2022-ci il tarixli, 3(064)427/2022 nömrəli qərarının surətindən görünür ki, cavabdeh 26 mart 2022-ci il tarixdə Füzuli rayonu, Fin qəsəbəsində yerləşən, iddiaçıya məxsus “Zəfər 44” ət dükanına quraşdırılmış su mühərrikinin su çəkən hissəsini qəsdən sındırması nəticəsində zərərçəkmiş şəxs olan iddiaçıya 50 manat məbləğində maddi zərər vurmasından ibarət əməli törətməsi müəyyən edildiyinə görə Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə və hüquqi nəticələrinə görə digər prosessual qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə boşluğun tamamlanması məqsədilə hüququn analogiyasının və qanunun analogiyasının tətbiqi üçün əsas verir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsində göstərilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (qanunun analogiyası). Beləliklə, məhkəmə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsində mülki prosessual qanunvericiliyində qanunun analogiyasının tətbiq edilməsinin qadağan edilməməsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə və hüquqi müəyyənlik prinsipinə əsaslanaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının mülki işə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olması barədə nəzərdə tutulmuş qayda inzibati xəta haqqında iş üzrə məhkəmənin inzibati tənbeh vermə haqqında qərarına münasibətdə də tətbiq edilə bilər. Məhkəmə buna görə də iddianın faktiki əsası ilə bağlı hesab edir ki, cavabdehin 26 mart 2022-ci il tarixdə iddiaçıya məxsus “Zəfər 44” ət dükanına quraşdırılmış su mühərrikinin su çəkən hissəsini qəsdən sındırması nəticəsində iddiaçıya 50 manat məbləğində maddi zərər vurması Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 sentyabr 2022-ci il tarixli, 3(064)427/2022 nömrəli qərarı ilə müəyyən edilmiş işin faktiki halları ilə sübut edilir. Məhkəmə iddia tələbinin cavabdehin vurduğu maddi ziyanın 50 manat məbləğində olduğu halda, sonuncudan həmin əmələ görə təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasına əsasən həmin məbləğin iki mislini, yəni 100 manat məbləğində pul ödəməsini tələb etməsindən ibarət hüquqi əsasını qanunsuz və əsassız hesab edir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 50 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar