Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-477/2024 13.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə Cavabdeh 4.000 manat pulun onun xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Horadiz şəhərində yaşayır. Cavabdeh onun yaxın qohumudur. 2023-cü ilin avqust ayının 25-də cavabdeh ondan şəxsi ehtiyacları üçün 5000 manat borc pul istəmiş və o, cavabdehə həmin tarixdə nəğd olaraq 5000 manat pul borc kimi vermişdir. Razılaşmasına əsasən cavabdeh 5 ay müddətində hər ay ona 1.000 manat qaytarmalı imiş. 2023-cü ilin sentyabr ayının 20-də Cavabdeh ona 1000 manat qaytarmışdır, lakin həmin tarixdən bu günə kimi bir qəpik belə ödəniş etməmişdir. O, bu müddət ərzində dəfələrlə ondan borcunu qaytarmasını xahiş etsə də, cavabdeh onun xahişlərinə heç bir məhəl qoymamışdır. Bu barədə votsap proqramında yazışmaları vardır. Cavabdeh hazırda VİENGROUP şirkətində işləyir, təxminən 3000 manat aylıq əmək haqqı alır. Maddi imkanı olmasına baxmayaraq, onun borcunu ödəməkdən yayınır. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələbinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı Cavabdeh 4.000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixdə borc vermişdir. Cavabdeh həmin pulu 5 ay ərzində, yəni xx.xx.2024-cü il tarixə kimi qaytarması barədə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməyərək borcundan cəmi 1.000 manat qaytarmış, qalan 3.000 manatı isə qaytarmamışdır. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Bundan başqa qeyd edilməlidir ki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni xx.xx.2023-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən (onun razılığı ilə) xx.xx.2023-cü il tarixdə cavabdehə 5.000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyin imperativ xarakterli tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında ümumilikdə 5.000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçıya məxsus həmin pul vəsaiti cavabdehə verilmiş, cavabdeh isə aldığı pulun 1.000 manatını qaytarmış, qalan 4.000 manatını isə qaytarmamışdır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 5.000 manat pul məbləğinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi (eləcə də cavabdehdə tərəfindən 1.000 manatın qaytarılması) təsdiq edilir. Tərəflər arasında həmin pul məbləğinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, Mülki Məcəllənin 337.5, 1091 və 1092-ci maddələrinin tələbləri baxımından cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğinin qaytarılmamış hissəsi olan 4.000 manat pulu iddiaçıya qaytarmalıdır. Bununla yanaşı, məhkəmə iddia tələbinin qanuni əsası kimi həm də aşağıdakı maddi hüquq normalarına isnad etməyi saslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4.000 manat pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldığı gündən 10 (on) gün müddətində onun ləğvinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-477/2024
Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-477/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver