Məhkəmə qərarları › İş №2(064)-484/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-484/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-484/2023 16.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 01 mart 2021-ci il tarixli “xam-pambığın alğı-satqısına dair” müqavilə üzrə yaranmış 590,47 manat məbləğində pulun və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış 01 mart 2021-ci il tarixli “xam pambığın alğı-satqısına dair” müqaviləyə əsasən cavabdeh Füzuli rayonu, Mahmudlu-1 qəsəbəsi ərazisində yerləşən 2,0 hektar torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bunun üçün cavabdeh sifariş əsasında iddiaçıdan 32 manat dəyərində çöp doğrama, 76 manat dəyərində şum, 40 manat dəyərində diskli mala, 51 manat dəyərində mala, 30 manat dəyərində çiyid səpini, 80 manat dəyərində kultivasiya, 19,50 manat dəyərində dərman səpini, 115,50 manat dəyərində pambığın maşınla yığımı, 460 manat məbləğində pambığın becərilməsinə görə ödənilən vəsait, 74,80 manat məbləğində sığorta haqqı nəzərə alınmaqla, ümumilikdə 997,27 manat dəyərində vəsait, iş və xidməti avans kimi qəbul etmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu ödədikdən sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh mövsümün sonunda 406,81 manat məbləğində 581,15 kq. xam pambıq təhvil vermiş, 590,47 manat məbləğində borcu qalmışdır. Bu hal iş və xidmətlərin görülməsi barədə akt, qaimə, ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 01 mart 2021-ci il tarixli “xam pambığın alğısatqısına dair” müqavilə, bununla əlaqədar tərtib edilmiş aktlar və ödəniş tapşırıqları, xəbərdarlıq, ona dair poçt qəbzi, iş və xidmətlərin yerinə yetirilməsi aktı əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı iş üzrə dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 01 mart 2021-ci il tarixli “xam pambığın alqı-satqısına dair” müqavilə üzrə yaranmış borca görə 590,47 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 620,47 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar