Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-487/2023 27.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh2 iştirakları ilə, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən aralarında müvafiq qaydada bağlanmış kredit və zaminlik müqavilələri üzrə yaranmış 4821,74 manat əsas, 124,93 manat faiz və 0,07 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 69,46 manat olmaqla, cəmi 5016,2 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 il müddətinə, 1 il güzəşt müddəti olmaqla, illik 1 faizlə 5052 manat məbləğində pulu kreditlə vermişdir. Həmçinin, həmin borcun təminatı olaraq Cavabdeh2 ilə iddiaçı arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit borcunun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, öhdəliyi tam icra etməmişlər. Nəticədə həmin müqavilələr üzrə cavabdehlərinin iddiaçıya 10 noyabr 2022-ci il tarixə 4821,74 manat əsas, 124,93 manat faiz və 0,07 manat cərimə borcu olmaqla, cəmi 4946,74 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 69,46 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatında iddia tələbini qəbul etdiyini göstərmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı iddia ərizəsində, eləcə də sonradan məhkəməyə göndərdiyi müraciətlərində iş üzrə məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh1 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdiyi 6 saylı cəzaçəkmə müəssisəsi vasitəsilə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, məhkəməyə göndərdiyi ərizəsində iş üzrə iddia tələbini qəbul etdiyini göstərmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, zaminlik müqaviləsi, cavabdehin 10 noyabr 2022-ci il tarixə olan borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehlərə yazılı qaydada göndərdiyi xəbərdarlıqlar, onlara dair poçt qəbzləri və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir, buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə hesab edir ki, Cavabdeh1 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyini əhəmiyyətli dərəcədə pozması iddiaçının həmin müqavilənin ləğv edilməsini tələb etmək hüququnu yaratmışdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq 13 noyabr 2019-cu il tarixli kredit və zaminlik müqavilələri əsasında yaranmış 4821,74 manat əsas, 124,93 manat faiz və 0,07 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 69,46 manat olmaqla, cəmi 5016,2 manat məbləğində pul tutularaq iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-487/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-487/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver