Məhkəmə qərarları › İş №2(064)-489/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-489/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-489/2023 03.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 26 mart 2017-ci il tarixli, 117 nömrəli “alğı-satqı” müqaviləsi üzrə borc yaranmış 375,59 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış 26 mart 2017-ci il tarixli, 117 nömrəli “alğı-satqı” müqaviləsinə əsasən Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən 2,0 hektar torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Bunun üçün cavabdeh sifariş əsasında "xxxx" MMC-dən 5,16 manat dəyərində şum, 3,23 manat dəyərində mala, 15,48 manat dəyərində çiyid səpini, 10,20 manat dəyərində kultivasiya, 12,32 manat dəyərində gübrə kultivasiya, 197,70 manat dəyərində pambığın maşınla yığımı olmaqla, cəmi 375,59 manat dəyərində vəsait, iş və xidməti avans kimi qəbul etmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu ödədikdən sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh öhdəlikləri icra etməmiş, nəticədə cavabdehin mövsümün sonunda iddiaçıya 375,59 manat məbləğində borcu qalmışdır. Bu hal iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq edilir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu 30 manat məbləğində pul ödəmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, cavabdehə prosessual hüquq və vəzifələrinin izah olunması, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh olunması haqqında” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə bu hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, cavabdeh məhkəməyə iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etsə də, məhkəmə əvvəlcə iddiaçının subyektiv hüquqa malik olub-olmadığı və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Bu baxımdan məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 26 mart 2017-ci il tarixli, 117 nömrəli “alğısatqı” müqaviləsi, xəzinə məxaric orderləri, qaimə-faktura, maliyyə arayışı, xəbərdarlıq, ona dair xəbərnamə əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti ondan ibarətdir ki, birinci, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia ərizəsinə əlavə edilmiş 26 mart 2017-ci il tarixli, 117 nömrəli “alğı-satqı” müqaviləsinin 2.4-cü bəndinin: - “b” yarımbəndinə əsasən cavabdeh Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən 2,0 hektar torpaq sahəsində yetişdirdiyi pambığı "xxxx" MMC-yə təhvil vermək öhdəliyini 15 noyabr 2017-ci il tarixədək icra etməli idi. - “c” yarımbəndinə əsasən cavabdeh "xxxx" MMC-nin dəstəyi ilə "xxxx" ASC-nin rayon aqroservis bölmələrindən güzəştli şərtlərlə icarəyə götürdüyü kənd təsərrüfatı texnikasinin icarə haqqını, nisyə aldığı mineral gübrənin, həmçinin X1 vəsaiti hesabına alınaraq ona nisyə verilmiş toxumun dəyərini müəyyən olunmuş müddətdə tam şəkildə ödəməli, əks təqdirdə təhvil verdiyi pambığa görə ona ayrılan subsidiyanin həmin borcların ödənilməsinə yönəldilməsini təmin etməli idi. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olduğu və cavabdehin iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçının subyektiv hüququnu pozduğu müəyyən edilsə də, həmin müqavilə əsasında cavabdehin müqavilə öhdəliklərini 15 noyabr 2017-ci il tarixədək icra etməli olması nəticəsində iddiaçının müqavilənin icrasının son müddəti olan, 15 noyabr 2017-ci il tarixdən başlayan üç illik iddia müddətini 16 noyabr 2020-ci il tarixdən ötürdüyü müəyyən edildiyinə görə iddia tələbi rədd edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar