Məhkəmə qərarları › İş №2(064)-495/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-495/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-495/2023 04.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 24 fevral 2022-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən həmin müqavilə üzrə yaranmış 14076,26 manat əsas, 1223,20 manat faiz borcu, 380,41 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 137,04 manat olmaqla, cəmi 15816,91 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 fevral 2022-ci il tarixdə cavabdehin iddiaçıya aid olan internet səhifəsindəki 25 noyabr 2019-cu il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub iddiaçıya müvafiq məzmunlu ərizə ilə müraciət etməsi və iddiaçının həmin təklifi qəbul etməsi əsasında iddiaçı cavabdehə 48 ay müddətinə, illik 1,6667 faizlə 15000 manat məbləğində pulu kreditlə vermişdir. İddiaçı cavabdehə həmin müqavilələr üzrə borcunu ödəməsi üçün poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərsə də, sonuncu cəmi 923.74 manat ödəniş etmiş, öhdəliyini tam icra etməmişdir. Nəticədə cavabdehin həmin müqavilə üzrə iddiaçıya 14076,26 manat əsas, 1223,20 manat faiz borcu və 380,41 manat cərimə borcu yaranmışdır. İddiaçı cavabdehə cərimə borcunu “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”-nin 7.20-ci bəndinə əsasən hesablamışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 137,04 manat məbləğində pul ödəmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh verdiyi izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində iş üzrə iddia tələbini etiraf etdiyini və həmin tələbə etirazının olmadığını göstərmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı ərizələrində iş üzrə məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1.-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 25 noyabr 2019-cu il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, iş üzrə tərəflər arasında bağlanmış 24 fevral 2022-ci il tarixli kredit müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, cavabdehin borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehə göndərdiyi sonuncu xəbərdarlıq və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir, buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə hesab edir ki, cavabdehin 24 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini əhəmiyyətli dərəcədə pozması iddiaçının həmin müqavilənin ləğv edilməsini tələb etmək hüququnu yaratmışdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 24 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 14076,26 manat əsas, 1223,20 manat faiz borcu, 380,41 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 137,04 manat olmaqla, cəmi 15816,91 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar