Məhkəmə qərarları › İş №2(064)-497/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-497/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-497/2023 04.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı verdiyi “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 22 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 15150,56 manat əsas və 1807,50 manat faiz borcu, 16 iyun 2022-ci il tarixli birkart umico kredit müqaviləsi üzrə yaranmış 494,34 manat əsas və 125,43 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 142,73 manat olmaqla, cəmi 17720,56 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə aralarında elektron qaydada bağlanmış 22 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədilə 48 ay müddətinə, illik 21 faizlə 15600 manat, 16 iyun 2022-ci il tarixli birkart umico kredit müqaviləsinə əsasən illik 25 faizlə 500 manat məbləğində pulu elektron imza əsasında sahibi olduğu hesaba köçürməklə kreditlə vermişdir. Cavabdehə həmin müqavilələr üzrə borcunu ödəməsi üçün bir neçə dəfə şifahi və yazılı qaydada xəbərdarlıq etsə də, sonuncu öhdəliyini tam icra etməmişdir. Nəticədə cavabdehin 30 yanvar 2023-cü il tarixə ona 22 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 15150,56 manat əsas və 1807,50 manat faiz borcu, 16 iyun 2022-ci il tarixli birkart umico kredit müqaviləsi üzrə 494,34 manat əsas və 125,43 manat faiz borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 142,73 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı iddia ərizəsində iş üzrə məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 22 aprel 2022-ci il tarixli kredit müqaviləsi, 16 iyun 2022-ci il tarixli birkart umico kredit müqaviləsi, onlara əlavə edilmiş ödəniş cədvəlləri və digər sənədlər, cavabdehin 30 yanvar 2023-cü il tarixə olan borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehə yazılı qaydada göndərdiyi 20 sentyabr 2022-ci il tarixli xəbərdarlıq və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir, buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 16 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 494,34 manat əsas və 125,43 manat faiz borcu, 22 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 15150,56 manat əsas, 1807,50 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 142,73 manat olmaqla, cəmi 17720,56 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar