Məhkəmə qərarları › İş №2(064)-5/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-5/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-5/2023 15.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 1.344 manat pulun və ödənilmiş 33,84 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanmış 18 fevral 2021-ci il tarixli MAS-3313 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 27 yanvar 2022-ci il tarixli 2(064)-71/2022 saylı qətnaməsi ilə (hakim M.Bağırov) İddiaçı MMC- nin iddası qismən təmin edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü AR X1 və Bakı Nəqliyyat Ağentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: BNA1328483 saylı protokola görə 32 manat; BNA1328482 saylı protokola görə 32 manat; EQ8904343 saylı protokola görə 80 manat; İXP3759117 saylı protokola görə 800 manat; EQ5425471 saylı protokola görə 80 manat; EQ5389201 saylı protokola görə 16 manat; EQ5424672 saylı protokola görə 80 manat; EQ4569135 saylı protokola görə 16 manat; EQ4618474 saylı protokola görə 96 manat; EQ4618473 saylı protokola görə 16 manat; EQ4530861 saylı protokola görə 16 manat; EQ4523438 saylı protokola görə 80 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1.344 manat məbləğində ödəniş edilmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olumasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC ilə bağlanmış 18 fevral 2021ci il tarixli MAS-3313 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Həmin avtomobil Cavabdeh istifadə və sahibliyində olarkən cavabdeh çoxsaylı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətmiş və buna görə cəmi 1.344 manat inzibati cərimələr avtomobilin mülkiyyətçisi olan iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı haqlı olaraq həmin ödənilmiş cərimə məbləğinin cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1.344 manat və ödənilmiş 33,84 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar