Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-509/2023 28.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X1 Azərbaycan” QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 13 fevral 2019-cu il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə” üzrə yaranmış 216,93 manat əsas, 21,66 manat faiz borcu, 473,68 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 748,07 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə aralarında bağlanmış 13 fevral 2019-cu il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”sinə əsasən 400 manat məbləğində kredit kartı limiti ayırmışdır. Cavabdehə həmin müqavilə üzrə borcu ödəməsi üçün poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərsə də, sonuncu öhdəliyini icra etməmiş, nəticədə cavabdehin həmin müqavilə üzrə ona 216,93 manat əsas, 21,66 faiz və 473,68 manat cərimə borcu olmaqla, cəmi 718,07 manat borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 13 fevral 2019-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”, maliyyə arayışı, iddiaçının cavabdehə etdiyi xəbərdarlıq əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (cavabdehin iddiaçıya ödəməli olduğu cərimə borcunun məbləği ilə bağlı hissə istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 473,68 manat məbləğində cərimə borcu cavabdehin ödəmədiyi 216,93 manat məbləğində əsas borcdan iki dəfə çox olması özü-özlüyündə cərimə borcunun tənasübsüz surətdə yüksək olduğunu göstərir. Buna görə də cərimə borcu azaldılmalı və 21 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13 fevral 2019-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə” üzrə yaranmış 216,93 manat əsas, 21,66 manat faiz borcu, 21 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 289,59 manat məbləğində pul tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-509/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-509/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver