Məhkəmə qərarları › İş №2(064)-512/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-512/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-512/2024 06.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 529 manat əsas borc, 122 manat hesablanmış faiz borcu, 52 manat cərimə borcu olmaqla, cəmi 703 manat borcun və 30 manat dövlət rusumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Kredit İttifaqı MMC tərəfindən borcalan fiziki şəxs Füzuli rayonu, Qarabağ kənd sakini Cavabdeh1 ilə 29 iyul 2022-ci il tarixli 1204 saylı kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 şəxsi məqsədləri üçün (mal-qara) müddətinə illik 28 faiz ödəmək şərti ilə 1700 manal məbləğində kredit götürmüşdür. 12 ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər kredit müqaviləsinin 1204 saylı əlavəsində qrafik üzrə ödənilməli idi. Mal-qara almaq məqsədi ilə verilmiş kreditin ayrılınası üçün borclunun gəlirlərini təsdiq edən müvafiq sənədlərini təkdim etmişlər. "xxxx" Kredit İttifaqı MMC-nin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit Cavabdeh1 vermişdir. Amma borclu Cavabdeh1 kredit müqaviləsinin şərtini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış fjıizlərin ödənilməşini mütamadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin 529 manat əsas borc, 122 manat hesablanmış faiz borcu, 52 manat cərimə borcu olmaqla, cəmi 703 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iddiaçının nümayəndəsini dinləyərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Kredit İttifaqı MMC tərəfindən borcalan Cavabdeh1 şəxsi məqsədləri üçün 12 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 1.700 manal məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi həmin tarixdə Cavabdeh2lə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın öhdəliklərini yerinə yetirməsinə görə borclu kimi tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakib Cavabdeh1 kredit müqaviləsinin şərtini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütamadi olaraq gecikdirmişdir. Nəticədə Cavabdeh1 iddiaçıya 529 manat əsas borc, 122 manat faiz borcu, 52 manat cərimə borcu olmaqla, cəmi 703 manat borcu yaranmışdır. Göründüyü kimi, hər iki cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, MPM-in 107 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumuna görə ödənilmiş 30 manatın da cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 529 manat əsas borc, 122 manat faiz borcu, 52 manat cərimə borcu olmaqla, cəmi 703 manat pul və 30 manat dövlət rusumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar