Məhkəmə qərarları › İş №2(064)-540/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-540/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-540/2023 30.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 02 fevral 2021-ci il tarixli “xam pambığın alğı-satqısına dair” müqavilə üzrə borc yaranmış 3721,84 manat və ödənilmiş dövlət rüsumuna görə 57,22 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış 02 fevral 2021-ci il tarixli “xam pambığın alğı-satqısına dair” müqaviləsinə əsasən Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən 4 ha və Araz Zərgar kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bunun üçün iddiaçı cavabdehə sifariş əsasında 4995,60 manat dəyərində xidmətlər göstərmiş, əkin və becərmə ilə bağlı işlər həyata keçirmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu ödədikdən sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh mövsümün sonunda iddiaçıya 1413,19 manat dəyərində 2058,65 kq. xam pambıq təhvil vermiş, nəticədə cavabdehin ona 3582,41 manat məbləğində borcu qalmışdır. Bundan başqa, cavabdeh aralarında bağlanmış 02 dekabr 2021-ci il tarixli “xam pambığın alğı-satqısına dair” müqaviləsinə əsasən Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bunun üçün cavabdeh sifariş əsasında iddiaçıdan 38,00 manat dəyərində şum, 34 manat dəyərində mala, 9 manat dəyərində çiyid səpini, 18 manat dəyərində rotasion mala, 17 manat dəyərində kultivasiya gübrə, 53,30 manat dəyərində dərman səpini, 150 manat dəyərində pambığın maşınla yığımı, 128 manat dəyərində çiyid, 85 manat dəyərində gübrə, 196,90 manat dəyərində dərman olmaqla, cəmi 729,20 manat dəyərində vəsait, iş və xidməti avans kimi qəbul etmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu ödədikdən sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh mövsümün sonunda iddiaçıya 589,50 manat dəyərində 736,86 kq. xam pambıq təhvil vermiş, nəticədə cavabdehin ona 139,70 manat məbləğində borcu qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya 3721,84 manat məbləğində borcu qalmışdır. Bu hal müvafiq müqavilələr, iş və xidmətlərin görülməsi barədə akt, qaimə, ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu 57,22 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 02 fevral 2021-ci və 02 dekabr 2021-ci il tarixli “xam pambığın alğı-satqısına dair” müqavilələr, onlara əlavə edilmiş, iş, xidmət və malların təhvil verilməsi barədə sənədlər – aktlar, protokollar, qaimələr və sair, iddiaçının cavabdehə göndərdiyi yazılı xəbərdarlıqlar, onlara dair poçt qəbzləri əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı iş üzrə dövlət büdcəsinə 46,21 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 02 fevral 2021-ci və 02 dekabr 2021-ci il tarixli “xam pambığın alğısatqısına dair” müqavilələr üzrə yaranmış borca görə 3721,84 manat və ödənilmiş dövlət rüsumuna görə 57,22 manat olmaqla, cəmi 3779,06 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar