Məhkəmə qərarları › İş №2(064)-547/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-547/2023

16.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-547/2023 16.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 19 avqust 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 3780 manat əsas və 1134 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 70 manat olmaqla, cəmi 4984 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış 19 avqust 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ona aldığı 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Beko” markalı soyuducuya görə 120 manat ilkin ödəniş etməklə, 4200 manat məbləğində pulu ödəniş cədvəli üzrə 24 ay müddətində, aylıq 175 manat olmaqla, hər ayın 18-dək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin müqavilə üzrə sonuncu dəfə 19 dekabr 2022-ci il tarixdə 50 manat ödəniş etmiş, iddiaçının poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərməsinə baxmayaraq, qalıq qalmış 3780 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqavilənin əlavəsinə əsasən gecikdirilmiş borc məbləğinə görə cəmi 1134 manat məbləğində cərimə hesablamışdır. Beləliklə, cavabdehin iddiaçıya olan borcu cəmi 4984 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 70 manat məbləğində pul ödəmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, gəlməmişlər. İddiaçı məhkəməyə göndərdiyi ərizəsində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmiş və iddia tələbinə etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 19 avqust 2019-cu il tarixli alğı-satqı müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, təhvil-təslim aktı, cavabdehin 15 fevral 2023cü il tarixə olan borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehə yazılı qaydada göndərdiyi 06 fevral 2023-cü il tarixli yazılı pretenziya, ona əlavə edilmiş poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının cavabdehin iddiaçıya olan əsas və faiz borcunun məbləği istisna olmaqla, iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir, buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə e-manat ödəniş sisteminin elektron bazasından əldə edib iş materiallarına əlavə etdiyi məlumat əsasında 19 avqust 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğinin iddia ərizəsində göstərilən 3780 manat deyil, 3680 manat təşkil etdiyini müəyyən etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq və tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə hesabladığı 1134 manat məbləğində dəbbə pulu miqdarı cavabdehin iddiaçıya ödəmədiyi 3680 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq, 368 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən işin müəyyən edilmiş faktiki halları və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 227, 233.1, 358.0.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19 avqust 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 3680 manat əsas və 368 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 70 manat olmaqla, cəmi 4118,00 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar