Məhkəmə qərarları › İş №2(064)-55/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-55/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-55/2025 21.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5234,52 manat əsas borc, 376,67 manat faiz borcu və 97,67 manat cərimə borcu olmaqla, cəmi 5708,86 manat məbləğində borcun; həmçinin Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 83,96 manat əsas borc, 5,19 manat faiz borcu, 1,23 manat cərimə borcu olmaqla, cəmi 90,38 manat məbləğində borcun və 77,99 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16,9 faizlə 36 ay müddətinə 6000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il mayın 30-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5234,52 AZN əsas borc, 376,67 AZN faiz borcu və 195,34 AZN cərimə borcu olmaqla, cəmi 5806,53 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 195,34 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 97,67 AZN məbləğində tələb olunur. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 300 AZN məbləğində kredit götürmüşdür. 2024-cü il mayın 30-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 83,96 AZN əsas borc, 5,19 AZN faiz borcu və 1,23 AZN cərimə borcu olmaqla, cəmi 90,38 AZN borcu vardır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, iddia tələbində qeyd olunan kredit məbləğini qohum olmaq adı ilə ailələrinə daxil olan və onların etibarını qazanan X5 adlı şəxs iddiaçı bankın əməkdaşları ilə qanunsuz əlaqəyə girərək təşkil etmiş və götürmüşdür. Qeyd olunan şəxs eyni gündə xx.xx.2023-cü il tarixdə bir-iki saat ərzində həyat yoldaşım X2 adına 4 bankdan 54000 manat, 2 gün sonar isə xx.xx.2023-cü il tarixdə bir-iki saat ərzində yenə 3 bankdan mənim adıma 24000 manat kredit və 900 manatlıq kart götürmüşdür. Qeyd olunan kredit məbləğləri və kartlar onların adına olsa da, həmin məbləğlər onların etibarından sui-istifadə edən, onları aldadan X5 tərəfindən bank əməkdaşlarının köməyi ilə onlara imzalatdırılmışdır, lakin həmin məbləğlər Şamilov Aqil tərəfindən götürülmüşdür. X1 qeyd edilən Bank əməkdaşlarının köməyi ilə onları aldadıb onların adına külli miqdarda kredit götürməsi və digər əmlaklarını ələ keçirməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişlər. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək nümayəndəsi X4 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş kredit kartının verilməsi və istifadə edilməsi haqqında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr, həmin müqavilələrə əlavə sazişlər, ona edilmiş əlavə əsasında həmin müqavilələr üzrə işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş müvafiq faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə, həmçinin iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzi əsasında müəyyən etmişdir ki, iddiaçı iş üzrə dövlət rüsumuna görə 77,99 manat məbləğində pul ödəmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/9639 saylı ekspert rəyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-Y-1-0-1906-23 saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə-müqavilənin müddəti bitdikdən sonra əsas borcunun 5337,66 manat, faiz borcunun 208,55 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il müqavilələrdən görünür ki, cavabdeh bankdan kredit pulu almış, kreditin əsas məbləğini və istifadə etdiyi kreditə hesablanmış faizlərlə bərabər hissələrlə ödəməyi vəd etmişdir. Cavabdeh öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya borcları yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdehlərə təklif edilmiş, lakin cavabdehlər bu təklifə münasibət bildirməmişlər. İddiaçı hazırkı tələb üzrə 77,99 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. -462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5234,52 manat əsas borc, 376,67 manat faiz borcu və 97,67 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5708,86 manat məbləğində borcun; həmçinin Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 83,96 manat əsas borc, 5,19 manat faiz borcu, 1,23 manat cərimə borcu olmaqla, cəmi 90,38 manat pulun tutulmasını tələb etmiş, iddiasını cavabdehin xx.xx.2024-cü il tarixə ona iddia edilən miqdarda borcunun yaranması ilə əsaslandırmışdır. Yanaşı yoxlanılmış əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi ilə xx.xx.2024-cü il tarixə əsas borcun 5337,66 manat, faiz borcunun 208,55 manat olduğu müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxsin mühasibatlıq sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, xx.xx.2025-ci il tarixli rəylə qismən razılaşır və cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 208,55 manat faiz borcunun yaranmasının işin hallarına uyğun olduğu nəticəsinə gəlir. Bundan əlavə, göründüyü kimi iddiaçının iddia tələbində əsas borc üzrə tələb etdiyi məbləğ ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspertizanın xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə üzrə əsas borc hissəsində ekspert rəyi ilə razılaşmır. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının həmin müqavilə üzrə iddia tələbi əsas borc üzrə tələb etdiyi məbləğ hissəsində təmin edilməlidir. Həmçinin məhkəmə, iddia tələbinin digər müqavilə üzrə tələb etdiyi cəmi 90,38 manat borcunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Eyni zamanda məhkəmə iddia tələbinin cavabdehdən cərimə borcunun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, tələb olunan cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca münasibətdə cavabdehdən 376,67 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz, yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 40 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 77,99 manat dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 111-Y-1-0-1906-23 saylı kredit müqaviləsinə əsasən 5234,52 manat əsas, 208,55 manat faiz, 40 manat cərimə borcu olmaqla, cəmi 5483,07 manat; digər müqavilə üzrə isə 83,96 manat əsas, 5,19 manat faiz, 1,23 manat cərimə borcu olmaqla, cəmi 90,38 manat; hər iki müqavilə üzrə cəmi 5,573,45 manat məbləğində borcunun qalması tam təsdiq olunduğundan, həmin borclar və 77,99 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat isə cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 111-Y-1-0-1906-23 saylı kredit müqaviləsinə əsasən 5234,52 manat əsas, 208,55 manat faiz, 40 manat cərimə borcu olmaqla, cəmi 5483,07 manat; xx.xx.2023-cü il tarixli, 111-TK-2-0-1908-23 saylı kredit müqaviləsinə əsasən isə 83,96 manat əsas, 5,19 manat faiz, 1,23 manat cərimə borcu olmaqla, cəmi 90,38 manat; hər iki müqavilə üzrə cəmi 5,573,45 manat və ödənilmiş dövlət rüsumuna görə 77,99 manat pul tutularaq iddiaçı «Yelo Bank” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar