Məhkəmə qərarları › İş №2(064)-58/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-58/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-58/2023 08.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh 3.200 manat əsas borc, 53 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 150 manat ərizənin tərtib olunması və hüquqi xidmət üçün ödədiyi pul olmaqla, cəmi 3.403 manat borcun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonu, Dünyamalılar kəndində yaşayır. Cavabdeh onun tanışıdır. O, cavabdehi 2017-ci ildən iş yoldaşı vasitəsi ilə tanımışdır. 16 noyabr 2022-ci il tarixdə Cavabdeh ondan 3200 manat borc istəmiş və 20 gün müddətində qaytaracağına söz vermişdir. Onlar İmişli rayonunda yerləşən “Asan Xidmət” mərkəzində notarial qaydada müqavilə bağlamışlar. Lakin bu borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə borcunu ödəməkdən qəsdən yayınmışdır. Cavabdehin ona olan borcu bu günədək ödənilməmiş qalır. Bundan başqa, Cavabdeh ona borclu olduğunu onları tanıyan insanlar da şahid kimi təsdiq edə bilərlər. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilir ki, iddiaçı-borcverən İddiaçı cavabdeh-borc alan Cavabdeh 3.200 manat məbləğində pulu borc vermişdir. Cavabdeh həmin pulu xx.xx.2022-ci il tarixinədək iddiaçıya qaytarmağı barədə üzərinə öhdəlik götürsə də buna lazımınca əməl etməmiş və borcu qaytamamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə iddia tələbini bu hissədə əsaslı sayaraq təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin olunduğundan cavabdehdən məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 53 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 150 manat ərizənin tərtib olunması və hüquqi xidmət üçün ödənilmiş pulun cavabdehdən tutulması hissəsini isə rədd edərək məhkəmə bildirir ki, iddiaçı tərəfindən qeyd olunan hallarla bağlı rəsmi və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu hallarla bağlı MPM-in 77.1-ci maddəsinin mövqeyi aydın və qətidir: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3.200 manat borc, 53 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 3.253 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar