Məhkəmə qərarları › İş №2(064)-63/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-63/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-63/2023 08.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, cavabdeh Borclu iştirakı ilə, iddiaçı LPO "xxxx" ASC-nin LƏSF cavabdeh Borclu qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" ASC cavabdeh Borclu qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh Borclu 813 manat əsas borc, 102 manat faiz borcu olmaqla, cəmi 915 manatın və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə X1 arasında 05 fevral 2015-ci il tarixli № 29-MK/3034 saylı kredit müqaviləsi bağlanaraq borcalana 18 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 2.850 manat məbləğində kredit verilmişdir. X1 13 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş və borc ödənilməmişdir. Hazırda borclunun banka 813 manat əsas borc, 102 manat faiz borcu olmaqla, cəmi 915 manat borcu vardır. Götürülmüş kredit üzrə İddiaçı ASC ilə Borclu arasında 05 fevral 2015-ci il tarixli, 29-MK/3034 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun arasında 05 fevral 2015-ci il tarixli № 29-MK/3034 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə iclasında: İddiaçı LPO "xxxx" ASC LƏSF-nin nümayəndəsi T.Abdinov məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Borclu iddia tələbini qəbul edərək bildirdi k, əsas borclu X1 oğlu 13 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra vərəsəlik işi açılmamışdır. Ə.Əliyevin vərəsələrinin kredit borcunu ödəməyə imkanı olmadığından həmin borcu o, ödəyəcəkdir. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ASC ilə X1 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 18 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 2.850 manat məbləğində kredit verilmişdir. Borcalan Ə.Əliyev 13 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə cavabdeh Borclu arasında bağlanmış 05 fevral 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh-zamin kreditor qarşısında borclunun həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Əsas borclu öldüyündən və onun ölümündən sonra vərəsəlik işi açılmadığından iddiaçı haqlı olaraq kredit borcunun qalan hissəsinin zamin-cavabdeh Borclu tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdeh Borclu iddiaçının xeyrinə əsas borc və ona hesablanmış faiz borcu tutulmalıdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR KM Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarının 2-ci bəndində deyilir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 20 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı LPO İddiaçı ASC LƏSF-nin xeyrinə cavabdeh Borclu 813 manat əsas borc, 102 manat faiz borcu olmaqla, cəmi 915 manat və ödənilmiş 20 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar