Məhkəmə qərarları › İş №2(064)-632/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-632/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-632/2024 25.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Füzuli rayonu, Haramı düzü adlanan ərazidə yerləşən 5 hektar torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçının adına sənədləşdirilməsi və cavabdehdən 3300 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12500 manat və əlavə olaraq 1875 manat hesablanmış faiz borcunun və mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə Cavabdeh1 Füzuli rayonu Haramı düzü adlanan ərazidə iddiaçının torpağına yaxın olan 7 hektar torpaq sahəsini ona satması barədə aralarında razılığa gəlmışlər. İddiaçıya məxsus cavabdehin torpaq sahəsinin yanında yerləşən 2 hektar torpaq sahəsi cavabdehin eyni ölçüdə torpaq sahəsi ilə əvəzləşdirmişlər. Bundan sonra iddiaçı qalan 5 hektar torpaq sahəsinə görə 12000 (on iki min) manat pulu Cavabdeh1 vermiş, cavabdeh isə satdığı 5 hektar torpaq sahəsini qısa müddət ərzində iddiaçının adına sənədləşdirəcəyini bildirdi. Lakin buna baxmayaraq, cavabdeh 5 hektar torpaq sahəsini iddiaçının adına sənədləşdirməmişdir. Bununla bərabər Cavabdeh1 5 hektar torpaq sahəsinin hər hektarına 220 manat olmaqla 3 il ərzində dövlət tərəfindən verilmiş cəmi 3300 manat subsidiyanı da almışdır. Həmçinin iddiaçı ilkin icarə üçün ilk dəfə 500 (beş yüz) manat pulu cavabdehlərə vermiş və həmin vaxt torpaqdan istifadə etməmişdir. İddiaçı 5 hektar torpaq sahəsini onun adına sənədləşdirməsini və dövlət tərəfindən verilmiş 3300 manat subsidiyanı qaytarmasını dəfələrlə cavabdehdən tələb etmişdir. Lakin buna baxmayaraq o, hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Ona görə də iddiaçı Füzuli rayon Polis Şöbəsinə müraciət etmiş və Polis Şöbəsində araşdırma aparılmışdır. Cavabdehlə aralarında olan pul məsələsi mülki xarakter daşıdığına görə Polis Şöbəsindən məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Həmin vaxt məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus bütün torpaq sahəsini bundan xeyli müddət əvvəl əmisi oğlu Cavabdeh2 adına sənədləşdirmişdir. Bütün bu olanlar onun ürəyində ciddi narahatçılıq yaranmasına, cavabdehlərin onu aldatması kənd ictimaiyyəti arasında nüfuzunun aşağı düşməsinə səbəb olmuşdur. Torpaq sahəsinin adına sənədləşdirilməsi və pulun qaytarılması ilə bağlı hər dəfə cavabdehlərlə aralarında olan mübahisələr nəticəsində xeyli sarsıntı keçirərək, iddiaçıya mənəvi zərər dəymişdir. Ona görə də iddiaçı 5 hektar torpaq sahəsinin adına sənədləşdirməsi və 12500 (on iki min beş yüz) manat nağd şəkildə verdiyi pulun, həmin 3 il müddətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hər il 625 manat hesablanmış faiz olmaqla cəmi 1875 (min səkkiz yüz yetmiş beş) manat pulun və 3000 (üç min) manat mənəvi zərərin alınması məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələb həqiqəti əks etdirir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının Cavabdeh2 qarşı iddia irəli sürməsini əsassız hesab edir. Çünki iddaçı tərəfindən iddia olunan iş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, mübahisə üzrə cinayət işinin başlanmasından imtina edilmişdir. Həmin qərarda göstərilir ki, Cavabdeh1 İddiaçı 12000 manat məbləğində pul aldığını etiraf etmişdir. Cavabdeh2 izahatında iddiaçı tərəfindən irəli sürülən tələbin həqiqəti əks etdirdiyi bildirməklə iddiaçı tərəfindən icarə üçün ilk dəfə 500 (beş yüz) manat pulun Cavabdeh1 verməsini, lakin həmin vaxt torpaq sahəsindən iddiaçının istifadə etməməsini təsdiqləmişdir. İş materiallarında olan koronar angioqrafiya protokolu, həkim reseptləri və transtorasik exokardioqrafiya nəticələrindən müəyyən edilir ki, iddiaçının səhhəti ilə bağlı problemləri var və konservativ müalicə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddia ərizəsinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 hərəkətləri nəticəsində keçirtdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Belə ki, koronar angioqrafiya protokolu, həkim reseptləri və transtorasik exokardioqrafiya nəticələrindən müəyyən edilir ki, iddiaçının səhhəti ilə bağlı problemləri var və konservativ müalicə alır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən və konkret işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 İddiaçı xeyrinə 500 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia ərizəsini dəymiş maddi zərərə görə xərclədiyi vəsaitlərin əvəzinin ödənilməsi hissəsində cavabdehdən 12000 manat məbləğində vəsatin tutulması kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 12500 manat ödədiyi məbləğ, 1875 manat hesablanmış faiz məbləğinin və 500 manat məbləğində mənəvi ziyanın əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 12500 manat ödədiyi məbləğ, 1875 manat hesablanmış faiz məbləğinin və 500 manat məbləğində mənəvi ziyanın əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar