Məhkəmə qərarları › İş №2(064)-676/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-676/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-676/2024 30.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15 ay müddətində haqqı olan aylıq 60 manat olmaqla, 900 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurublar. Həmin tarixdən dövlət tərəfindən iddiaçı üçün ayrılmış çörək pulu cavabdehin kart hesabına köçürülmüşdür. Ailə münasibətlərinin sonradan pozulması səbəbilə iddiaçı xx.xx.2022-ci il tarixdən cavabdehin yanından ayrılaraq valideynlərinin yaşadığı evə getmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-156/2023 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah aktı ləğv edilmiş və xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ayrılmışlar. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər hər ay 60 manat olmaqla, cəmi 900 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iclasında: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)- 156/2023 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 208 nömrə ilə qeydə alınmış nikah aktı ləğv edilmişdir. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyətinin Qayıdış-4 qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ərindən boşandığı üçün atasına məxsus 124 nömrəli evdə yaşayır. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli, 5-43/2-434/2024 saylı məktubunun surətindən müəyyən edilir ki, Cavabdeh məxsus ********** hesab nömrəli plastik bank kartına xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Rayon İcra Hakimiyyəti tərəfindən özü və arvadı İddiaçı məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət, hər biri üçün 60 manat olmaqla, cəmi 120 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş arayışın surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında İddiaçı iştirak etsə də, Cavabdeh iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq və qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurublar. Sonradan ailə münasibətlərinin pozulması səbəbilə iddiaçı xx.xx.2022-ci il tarixdən cavabdehin yanından ayrılaraq valideynlərinin yaşadığı evə getmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-156/2023 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah aktı pozulmuş və xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ayrılıblar. İş materiallarından aydın olur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Rayon İcra Hakimiyyəti tərəfindən X2 məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq 60 manat məbləğində müavinət Cavabdeh məxsus ********** hesab nömrəli plastik bank kartına köçürülmüşdür. İddiaçı cavabdehlə ayrı yaşadıqları xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət üçün, yəni 15 ay, hər ay 60 manat olmaqla, cəmi 900 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə bu tələbi əsaslı hesab edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayılaraq təmin olunmalı və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh məxsus bank kartına X1 adına ödənilmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq 60 manat olmaqla, cəmi 900 manat məbləğində müavinət cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ona məxsus bank kartına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X1 adına ödənilmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq 60 manat olmaqla, cəmi 900 manat məbləğində müavinət tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar