Məhkəmə qərarları › İş №2(064)-682/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-682/2023

05.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-682/2023 05.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1.800 manat məbləğində pulun və 640 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlərlə əvvəllər səmimi münasibətləri olub. O, cavabdehlərlə qarşılıqlı razılaşma ilə bankdan 6.000 manat pul götürərək 1.500 manatını onlara vermişdir. Həmin pulu cavabdehlər hər ay hissə-hissə ödəməli idilər. Cavabdehlər həmin pula görə əlavə faiz ödəyəcəyini qabaqcadan bilirdilər. 300 manata isə sonradan borc kimi vermişdir. Lakin cavabdehlər cəmi 60 manat pul ödədilər. Ödəməni isə ona verdikləri kartdan çıxarmışlar. Sonradan həmin kart bağlandı və onlar borcu ödəməkdən boyun qaçırdılar. O, cavabdehlərin borcunun ödənilməsi ilə bağlı Füzuli RPŞ-nə müraciət etmiş və polis şöbəsində bununla bağlı araşdırma aparılmış və həmin material iddia ərizəsinə əlavə etmişdir. Odur ki, iddiaçı 10.000 manat pulun alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və əlavə bildirdi ki, o, "xxxx" ASC-dən 6.000 manat kredit götürərək ondan 1.500 manatını cavabdehlərə vermiş və onlarla belə razılaşmışlar ki, bu məbləği bank faizi ilə birlikdə ona qaytarsınlar. Bundan əlavə, o, cavabdehlərə 300 manat borc vermişdir. Bu müddət ərzində cavabdehlər ona cəmi 60 manat qaytarmışlar. Lakin cavabdehlər pulu qaytarmadıqlarına görə o, kreditə götürdüyü 6.000 manat pulu 2023-cü ilin aprel ayında əsas borc və həmin tarixə hesablanmış faiz borcu ilə birlikdə banka qaytarmaqla həmin bankdan yenidən 6.800 manat kredit götürmüşdür. Hazırda cavabdehlər ona əsas borca görə 1.800 manat və faiz borcuna görə 640 manat borcludurlar. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Nümayəndə bildirdi ki, iddiaçı bankdan götürdüyü 6.000 manatın ¼ hissəsini cavabdehlərə vermiş və cavabdehlər pulu bankın faiz dərəcəsi ilə birgə qaytaracaqlarını vəd etmişlər. Hesab edir ki, cavabdehlər 6.000 manatın ¼ hissəsi olan 1.500 manatı və ödəniş cədvəlinə əsasən müqavilə müddətinin sonuna hesablanmış faiz borcunun ¼ hissəsini iddiaçıya qaytarmalıdırlar. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh2 xx.xx.2023-cü il tarixli məhkəmənin hazırlıq iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddianı qismən qəbul etdiyini və iddiaçıya olan 1.600 manat borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh2 Füzuli RPŞ-də verdiyi izahatında göstərmişdir ki, o və əri Cavabdeh1 İddiaçı 1.500 manat və 300 manat olmaqla cəmi 1.800 manat pulu faizi ilə birgə qaytarmaq şərti ilə borc almışlar. Bu müddət ərzində İslama cəmi 60 manat qaytarmışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işin faktiki hallarından görünür ki, cavabdehlər Cavabdeh2 və əri Cavabdeh1 İddiaçı 1.500 manat pulu faizi ilə birgə qaytarmaq şərti ilə və əlavə olaraq 300 manat borc almışlar. İddiaçı "xxxx" ASC-dən kreditə götürdüyü 6.000 manatın ¼ hissəsini cavabdehlərə vermişdir. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı kreditə götürdüyü 6.000 manat pulu 2023-cü ilin aprel ayında əsas borc və həmin tarixə hesablanmış faiz borcu ilə birlikdə banka qaytarmaqla həmin bankdan yenidən 6.800 manat kredit götürmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında əvvəlcədən qarşılıqlı razılaşma olduğundan 1.500 manat əsas borcla yanaşı 2023-cü ilin aprel ayına hesablanaraq ödənilmiş faiz borcunun ¼ hissəsi də cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, ödəniş cədvəlindən görünür ki, qeyd olunan tarixə faiz borcuna görə ödənilmiş məbləğ 1.265 manat təşkil etmişdir. Belə olan halda, bu məbləğin ¼ hissəsi, yəni (1.265:4=316) 316 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, cavabdehlərin bu müddət ərzində cəmi 60 (1800-60=1.740) manat qaytarmaları da nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ər-arvad olan cavabdehlər tərəfindən iddiaçıdan borc pul ailə ehtiyaclarının təmin edilməsi məqsədilə götürüldüyündən hər ikisi üçün vəzifələr yaradır və ona görə də həmin pul cavabdehlərdən birgə qaydada tutulmalıdır. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı xeyrinə 2.056 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar