Məhkəmə qərarları › İş №2(064)-694/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-694/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-694/2024 22.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kİ MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kİ MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 802 manat əsas, 297 manat faiz, 80 manat cərimə borcu olmaqla cəmi 1179 manat və ödənilmiş dövlət rüsumuna görə 32 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Kİ MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 1159 saylı kredit müqaviləsi bağlanmışdır. Kredir müqaviləsinin şərtlərinə görə Cavabdeh1 şəxsi məqsədləri üçün (mal-qara) 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. O,18 ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər kredit müqaviləsinin 1159 saylı əlavəsində qrafik üzrə ödənilməli idi. Mal-qara almaq məqsədi ilə verilmiş kreditin ayrılması üçün borclunun gəlirlərini təsdiq edən müvafiq sənədlərini təqdim etmişlər “Dostlar MM" Kredit İttifaqı MMC -nin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit Cavabdeh1 vermişdir. Amma borclu Cavabdeh1 kredit müqaviləsinin şərtini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütamadi olaraq gecikdirmişdir.Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Nəticədə cavabdeh 802 manat əsas borcu, 297 manat faiz borcu, 80 manat cərimə borcu olmaqla cəmi 1179 manat kredit borcu gecikmədədir. Cavabdeh1 öz öhdəliyini icra etməməsi nəticəsində "xxxx" Kredit İttifaqı MMC-nin qarşısında müvafiq məsuliyyətin yaranmasına əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ... Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ... Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. ... Məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır”. İş materiallarından olan xx.xx.2021-ci il tarixli, 1159 saylı kredit müqaviləsindən görünür ki, 3000 manat məbləğində kredit ödənişi iddiaçıya sahibkarlıq fəaliyyəti ilə bağlı ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 44, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Kİ MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar