Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-7/2024 24.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sanitar qovşağın kanalizasiya quyusunun istismarının qadağan olunması və itin həyətyanı torpaq sahəsindən başqa yerdə bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh həyətindəki sanitar qovşağının kanalizasiya quyusunun istismarının qadağan edilməsi və itin həyətyanı torpaq sahəsindən başqa yerdə bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi inşa etmək məqsədi ilə ona 2014-cü ildə Füzuli rayonu Əhmədbəyli Bələdiyyəsinin qərarına əsasən Füzuli rayonu İkinci Mahmudlu kəndində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin ildə qeyd edilən torpaq sahəsində 1 mərtəbəli, 2 yaşayış otağı, 1 eyvan, hamam və mətbəxdən ibarət fərdi yaşayış evi inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Qonşusu Cavabdeh 2022-ci ilin iyun-iyul aylarında öz həyətində, onun yaşadığı evdən 2 mert məsafədə 6 metr eni, 10 metr uzunluğu və 4 metr dərinliyi olan sanitar qovşağının kanalizasiyası üçün quyu qazıb, çirkab suyunu həmin quyuya axıdaraq antisanitar vəziyyət yaratmışdır. Quyunun üstü açıq vəziyyətdədir. Quyuya axıdılan çirkab suyu onun evinin bünövrəsinə sızması nəticəsində evin divarında çatlar yaranmış, həmçinin çirkab suyun ağır qoxusundan evində yaşamaq mümkün deyildir. Bundan başqa, cavabdeh həmin kanalizasiya quyusu ilə onun evinin arasında, evindən təxminən 1 metr məsafədə it bağlamışdır ki, itin gecələr hürməsindən və ulamasmdan azyaşlı uşaqları da olmaqla ailə üzvlərinin evdə yatması mümkünsüz olmuşdur. Kanalizasiyanın yerinin dəyişdirilməsi, eləcə də itin evindən kənar, başqa yerdə bağlamasını cavabdehdən tələb etməsinə baxmayaraq, müsbət nəticəsi olmamışdır. Bununla bağlı, onun tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xidməti-zəng sisteminə, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilmiş 48/99-188 saylı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, müraciətlə əlaqədar idarənin əməkdaşları tərəfindən yerində aparılmış araşdırma zamanı həqiqətən də Cavabdeh sanitar qovşağında yaranan çirkab sularının həyətində qazdığı kanaliyaziya quyusuna axıdıldığı müəyyən olunmuşdur. Lakin sözügedən ərazi xüsusi mülkiyyətdə olan torpaq sahəsi olduğu üçün mübahisə ilə bağlı mülki qaydada aidiyyəti məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdehin həyətyanı torpaq sahəsi təxminən 0,12 hektardır, o, torpaq sahəsinin başqa yerində kanalizasiya quyusu qazdıra, həmçinin itini evindən kənar, başqa yerdə bağlaya bilər. Cavabdeh hərəkətləri ilə qonşuların bir-birinə qarşılıqlı hörmət bəsləməli olması münasibətlərini pozmuşdur. Ona görə də, cavabdehə sanitar qovşağının kanalizasiya quyusunun istismarının qadağan olunması, eləcə də itin həyətyanı torpaq sahəsində, evimdən kənar, başqa yerdə bağlamasına dair qətnamə çıxarılmasını istəyir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tələbindən “itin həyətyanı torpaq sahəsindən başqa yerdə bağlanması” hissəsində imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunamüvafiqdir və iddia tələbinə həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin tikdirdiyi kanalizasiya quyusu onların evindən təxminən 3-4 metr aralıda yerləşir. Hesab edir ki, kanalizasiya quyusuna axıdılan çirkab suları torpağa hopur və onun evinə nəmişlik verir. Nəticədə evin bünövrəsində çatlar əmələ gəlmişdir ki, bu da onların həyatı üçün təhlükə törədir. Cavabdeh bildirdi ki, onun tikdirdiyi kanalizasiya quyusu iddiaçının evindən təxminən 3-4 metr aralıda yerləşir. Həmin kanalizasiya quyusunun divarları daşla hörülməmişdir. Oraya axıdılan çirkab suları torpağa hopsa da iddiaçının evinə nəmişlik verə bilməz. Hesab edir ki, bu evin bünövrəsində çatlar əmələ gətirə bilməz. Əgər, həqiqətən, iddiaçıya maddi ziyan dəyibsə, ziyanı tam ödəməyə hazırdır və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 48/99-188 nömrəli cavab məktubundan müəyyən edilir ki, idarənin əməkdaşları tərəfindən İddiaçı iştirakı ilə aparılan araşdırma zamanı sözügedən sanitar qovşağın qonşusu (cavabdeh) Cavabdeh xüsusi mülkiyyətində olduğu və sanitar qovşaqda yaranan çirkab suların isə öz həyətində qazdığı quyuya axıtdığı müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı məsələ ilə bağlı mülki qaydada aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli protokolun qərarının surətindən müəyyən edilir ki, Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin alğı-satqı predmeti olan, kəndin inkişaf planı üçün nəzərdə tutulan torpaq sahəsindən 0,12 ha həyətyanı sahə Füzuli rayon, Mahmudlu-2 kənd sakini İddiaçı verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən müəyyən edilir ki, 2(064)-301/2023 saylı mülki iş üzrə Füzuli Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın aparılması və rəy verilməsi Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən müvafiq mütəxəssis rəyinin alınması mümkün olmadığından ekspertizanın aparılması mümkün olmamışdır. Həmçinin rəydə o da göstərilir ki, Azərbaycan Respublikasının Dövlət Tikinti və Normalarının 2.6-1-ci maddəsinin 4.13-cü bəndinə əsasən həyətyanı sahədə qazılmış şambo tikilisi fərdi yaşayış evindən 6 metr aralıda yerləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, həqiqətən də, İddiaçı qonşusu Cavabdeh məxsus sanitar qovşaqda yaranan çirkab suları öz həyətində qazdığı kanaliyaziya quyusuna axıdılır. Həmin quyu İddiaçı məxsus fərdi yaşayış evindən 3-4 metr məsafədə yerləşir, divarları daşla hörülməmişdir. Halbuki, tikinti normalarına görə həmin məsafə fərdi yaşayış evindən 6 metr aralıda tikilməli idi. Odur ki, axıdılan çirkab sular torpağa hoparaq üfunətli qoxunun yaranmasına, ətrafa yayılmasına səbəb olmuşdur. Bununla yanaşı, kanalizasiya quyusuna axıdılan çirkab suları torpağa hoparaq İddiaçı məxsus fərdi yaşayış evinin bünövrəsində çatların əmələ gəlməsi və sair kimi təhlükəli halların yaranmasına səbəb olmuşdur. Sözügedən hallar İddiaçı haqlı narazılığına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər və qonşunun mülkiyyətinə xoşagəlməz təsirlərdən çəkinməlidirlər. Həmçinin Cavabdeh yaranmış mübahisəli vəziyyəti aradan qaldırmaq üçün lazım olan tədbirləri görməyə hazırdır və məhkəmə tərəfindən verilən yekun qərara etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh həyətyanı sahədə inşa edilmiş tikinti normalarına uyğun olmayan sanitar qovşağın kanalizasiya quyusunun istismarı qadağan edilməlidir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tikinti normalarına uyğun olmayan həyətindəki sanitar qovşağın kanalizasiya quyusunun istismarı qadağan edilsin. İddia tələbinə “itin həyətyanı torpaq sahəsindən başqa yerdə bağlanması” hissəsində xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-7/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-7/2024
24.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver