Məhkəmə qərarları › İş №2(064)-709/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-709/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-709/2024 14.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı “X2” ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X2” ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3780,36 manat əsas, 1336,26 manat faiz və 199,02 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 73,16 manat olmaqla, cəmi 5388,8 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə aralarında bağlanmış 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 28 dekabr 2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən istehlak məqsədləri üçün 35 ay müddətinə illik 29 faizlə (faktiki illik faiz dərəcəsi 32,28 faiz) ödəmək şərti ilə 4000 manat məbləğində kredit verilmişdir (həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən). İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin ona həmin müqavilə üzrə 3780,36 manat əsas, 1336,26 manat faiz və 199,02 manat cərimə borcu olmaqla, cəmi 5315,64 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 73,16 manat məbləğində pul ödəmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında şifahi və yazılı qaydada verdiyi izahatlarında iddia tələbini 3780,36 manat əsas borc məbləğinə münasibətdə qəbul etdiyini, 1336,26 manat faiz və 199,02 manat cərimə borcuna münasibətdə isə qəbul etmədiyini, iddia tələbində qeyd edilmiş faiz və cərimə borclarını ödəməli olmadığını göstərmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ünvanladığı ərizəsində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmənin hazırlıq iclasında təqdim etdiyi yazılı ərizəsində onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi, 28 dekabr 2021-ci il tarixli Ümumi Oferta müqaviləsi, cavabdehin 21 fevral 2024-cü il tarixə olan borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, ona dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi, eləcə də cavabdehin iddia tələbini iddiaçı ilə arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcuna dair hissədə etiraf etməsi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (iddiaçının cavabdehə hesabladığı faiz və cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Cavabdeh iddia tələbini iddiaçı ilə arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə faiz və cərimə borclarına dair hissələrdə həmin borcları ödəməli olmamasına istinad etməklə qəbul etmədiyini göstərsə də, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində təsbit edilmiş sübutetmə vəzifəsinə uyğun olaraq, etirazına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həm buna, həm tərəflər arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndi, həm də aşağıda göstərilən qanunvericilik normalarına əsasən cavabdehin iddia tələbinə verdiyi etirazı əsassız hesab edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, iddiaçı cavabdehə göndərdiyi 26 oktyabr 2023-cü il tarixli məktubunda ona 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3780,36 manat əsas, 984,84 manat faiz və 64,41 manat cərimə borcu olmaqla, cəmi 4829,61 manat məbləğində borcunu 3 iş günü ərzində tam ödəməzsə, göstərilən müqavilənin ləğv edilməsini təklif etdiyinə görə həmin müqavilə faktiki olaraq 26 oktyabr 2023-cü il tarixdən 3 iş günü keçdikdən dərhal sonra ləğv olunmuşdur. Bu səbəbdən iş üzrə iddia tələbi cavabdehin iddiaçıya olan faiz və cərimə borcuna münasibətdə iddiaçının cavabdehə göndərdiyi 26 oktyabr 2023-cü il tarixli məktubunda göstərilmiş həcmdə, yəni müvafiq olaraq 984,84 manat və 64,41 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, 73,16 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olan 66,51 manat hissəsi (5315,64 manat (iddia tələbi) : 4829,61 manat (iddia tələbinin təmin olunmuş hissəsi) = 1,1; 73,16 manat : 1,1 = 66,51) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 6,65 manat hissəsi (73,16–66,51= 6,65) isə iddiaçıya aid olunmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı faiz və cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə görə iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 02 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3780,36 manat əsas, 984,84 manat faiz və 64,41 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 66,51 manat olmaqla, cəmi 4896,12 manat məbləğində pul tutularaq iddiaçı “X2” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar